13 İyun 2020 18:14
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Moderator.az saytına istinadla yazıçı, şair, publisist Qurban Yaquboğlu ilə müsahibəni təqdim edir:

- Karantin dövrü necə keçir? Romanında obrazın "mən təkəm..." söyləyir, bəlkə bu təklikdir elə yoxun var olmasının sübutu?

- Qorunmaq hissi insanın bütün başqa duyğu və ehtiyaclarından öndə dayanır və bu qayda onun özüylə, öz mövcudluğuyla əvvəldən bağladığı “baş saziş”ə əsaslanır. Özünüqoruma instiktinin hərəkətə keçdiyi şəraitdə eşik, küçə, üfüq adama yad, özgə, qorxunc ünvanlar kimi görünür və burda bir fəlsəfi həqiqət də özünü büruzə verir – məlum dairədən kənara çıxmaq, uzağa gedib səddi keçmək həmişə cəsurluq tələb eləyir və deməli, bu, hər adam bacaran iş deyil.

Konkret karantinə gəldikdə, mən onun şərtlərinə, gülən olmasa deyərdim, 100 faiz əməl edirəm. Görünür, insanın elə bir yaş dövrü gəlir ki, o, həyatının qalan hissəsini çox ehtiyatla və israfa yol verməmək şərtilə xərcləməli olduğunu qəbullayır. Asan ölümün, yaxın təhlükənin girinə keçmək istəmir.

Özünün tək olduğunu isə hər kəs, məncə, daha erkən yaşlarında, bəlkə də həddi-büluğ dövründə qəfil anlamağa başlayır, ola bilsin, qadına ilk canatım bu təklikdən xilas duyğusunun coşqun ifadəsi kimi parıltıyla zühur edir. Amma neyniyəsən, səni heç qadın da xilas eləyə bilmir...

- "Mən yoxam" romanı çap olunanda, doğrusu, bir az təəccübləndim, axı mən sənin XX əsrdə çap edilmiş şeirlər kitabını görmüşəm...

- Hə, düzdü, 1990-cı ildə mənim bu haqda əvvəllər də danışdığım kimi “Xəzər” tərcümə dərgisində “Jurnal içində kitab” layihəsi çərçivəsində 20-yə yaxın şeirim çap olunmuşdu. Yaradıcılıq növlərinə və janrlara keçid bizdə də, dünyada da, indi də, klassiklərin dövründə də, bir sözlə, həmişə hər yerdə rastlanan haldı. Özümə yox, sözümə misal gətirim, Füzulidən Axundova və Ramiz Rövşənəcən qüdrətli sənətkarlar müxtəlif janrları, ədəbi növləri sınaqdan keçiriblər. Bəlkə çoxlarının diqqətindən yayınıb, görkəmli nasir və dramaturq kimi tanınan Cəlil Məmmədquluzadənin hətta bir mənzum (şeirlə yazılmış) pyesi də var, “Çay dəstgahı” adında. Azərbaycan dramaturgiyasının banisi, “Aldanmış kəvakib” povestinin və “Kəmalüddövlə məktubları” traktatının müəllifi Mirzə Fətəli Axundov, necə deyərlər, ədəbiyyata Puşkinin ölümünə yazdığı poemayla gəlmişdi və maraqlıdı ki, o, məsələn, Qasım bəy Zakirlə şeirlə məktublaşırdı...

Çağdaş Türkiyə yazıçılarında daha bir yaradıcılıq sahəsi görünməyə başlayıb – rejissorluq, televiziyaçılıq. Yavaş-yavaş insanın özünüifadə vasitələrinin çeşidi artır, amma düşünürəm ki, iddialı yaradıcı adamların can atdığı bir müdhiş status, bir baş post var: Peyğəmbər kimi olmaq, insanlara peyğəmbər qədər təsir göstərmək...

- Post-pandemiya dövrünün mükafatı cəzasından böyük ola bilərmi?

- Pandemiya miqyası almış bu dəhşətli infeksiya, sanki seçmə üsulla öldürdüyü üçün həm də adama qəribə görünən bu anlaşılmaz bəla barədə əsas dartışma mövzusu budu: o, laboratoriyada cücərdilmiş insan əməlidi, yoxsa təbii yolla meydana çıxıb mutasiya eləmiş virusdu? Mənim birinci versiyanı qəbul eləməməyimi şərtləndirən amil belə bir usta işi insanın görə biləcəyinə inamsızlığımdı. Fikrimcə, taclı virusun yaradılmasında – sən onu Təbiət, mən Allah adlandıra bilərəm, bir özgəsi üçün başqa ad, məsələn, Təsadüf keçərli olar – bəndə iradəsindən kənar bir qüdrətin əli var.

Buna cəza adı verməzdim, bu, daha çox ifşa aktına oxşayır. Öz gücünü təyinatından maksimum uzaqlaşdırıb pul və əyləncəyə yönəldən, İsa Hüseynov demişkən, “cəmi bəşər övladı”nın miskin durumu indi hamıya daha aydın görünür. Guya insanın ölümsüzlüyü üçün çalışan müasir təbabətin virusdan qorunmaqdan ötrü bəşəriyyətə təklif elədiyi resepti isə primitiv gigeyinik tələblərdən başqa bir şey saymasaq, haqsızlığa yol vermərik. Əlinizi-üzünüzü yuyun, təmizliyə riayət edin... Çox ibtidaidi, elə deyilmi?

Uzun illərdi dünyanın nüfuzlu tibb müəssisələri daha çox xroniki və ya sağalmaz xəstəliklərin nisbətən yaxşılaşdırılmasına aparan müalicə üsulları hesabına qazanc götürməklə məşğuldu və bir çox skeptiklər təbabətin həmin xəstələlikləri tam sağaldan dərmanların tapılmasına maraq göstərməməsindən şikayətlənirlər. Mayasında pul dayanan heç bir proses nəticəyə can atmır, axı, nəticə son deməkdi. Daim nəticənin ətrafında dolanır ki, bu həndəvərdə də pul daha bol olur. Zənnimcə, inqilabi yenilənmə, təzədənbaşlama (“perezaquzka”) olacaqsa, bu, təbabət sahəsindən start götürəcək. Onsuz da dərdimizin əlacı ordadı...

- Qayıdaq mətləbə... "Mən yoxam" romanını avtobioqrafik əsər adlandırmaq olarmı?

- İlkin variantda “Mən yoxam” romanının birinci fəslini nəql eləyən adamın adı indi mətndə olduğu kimi Şahı yox, Qurbanıdı. Sonra onu müəyyən səbəbdən dəyişdim. Hətta qəhrəmanın adı Qurban olsaydı da, roman avtobioqrafik sayıla bilməzdi, sayılmamalıydı da. Çünki romanın mövzusunu, süjetini bir adamın bioqrafiyasına sığışdırmalı olan müəllif onu xeyli qayçılamalı, kəsib doğramalı olardı. Bədii əsər həyat materialıyla müəllif təxəyyülünün sintezindən əmələ gəlir, ikisi qaynayıb qarışır və yalnız belə birləşmədə ortaya sehirli “kimya” çıxır. Bu qarışıqda, bu xəlitədə faktla təxəyyül məhsulunu ayırmaq əbədi olaraq mümkünsüz işə çevrilir.

Diqqəti başqa bir məqama da yönəltmək istərdim. Bizdə memuar ədəbiyyatı təəssüf ki, yox dərəcəsindədi. Çox əhəmiyyətli, vacib, tarixi hadisələrin içərisindən keçən tanınmış, tanınmamış yazmaq qabiliyyətli insanlar var ki, onlar heyrətamiz və ələdüşməz faktları özləriylə o dünyaya aparırlar. Mənə zaman və başqa imkanlar əl versəydi, məmnuniyyətlə Sabirin bioqrafiyası əsasında bədii-sənədli roman yazardım. Özü də kəfənimi əynimə keçirib yazardım... Azərbaycan insanıyla davranmaq asan deyil. Sabirin özünün həyatı buna yaxşı sübutdu.

- Romanında bəzi hissələr poeziyanın nəsr dilinə çevrilən mətnlərini xatırladır. Yoxsa şair Qurban yazıçı Qurban Yaquboğlunun nəsr aləminə sığınıb?

- Mənim yazıb çap elətdirdyim şeirlər prozaya yaxın üslubda olub – aşırı sərbəst, qafiyəsiz, ləng ritmli. Məsələni ədəbiyyatmı həll elədi, həyatmı, insanmı, deyə bilmirəm. Bir vaxt məndə dəhşətli dərəcədə danışmaq, söhbət eləmək ehtiyacı yarandı, onda məşhur nəqşibəndi şeyxi (həm də bu təriqətin banisi sayılır) Xacə Bəhaəddin Məhəmməd Buxarinin bir sözünə rast gəldim, onu epiqraf seçdim, romanı da o epiqraf altında yazıb bitirdim. Elə ki roman tam hazır oldu, kəlamı çıxardım. Məni sehirləmiş cümlə budu: “Bizim yolumuz söhbətdi...” Roman belə başlamışdı. Şeiridimi, söhbətidimi, romanıdımı? Bilinmədi.

- Yığcam və axıcı dil. Bu, üslubdur, yoxsa publisistikadan, qəzetçilikdən gələn vərdiş?

- Romanın diliylə bağlı müxtəlif fikirlər - irad, tənqid, təqdir, tərif eşitmişəm. Mən bu romanı anamın dilində yazdım, mətndəki dialekt sözlərin çoxu anamındı. İstənilən mətnin dili iki faktordan asılı olur – leksikondan, söz tərkibindən, bir də sintaksisdən. Məncə, çox şeyi həll edən sintaksisdi, təhkiyəni də o müəyyənləşdirir. Bu mənada romanda sözlər anamındı, sintaksis, cümlə quruluşu mənim. Danışan həmişə mənəm...

- Ustad sandığın böyük yazıçının adı.

- Dünyada və Azərbaycanda çox sevdiyim yazıçılar var. Azərbaycan nasirləri arasında Yusif Səmədoğlunu, Anarı daha çox sevmişəm, amma bu o demək deyil ki, Sabir Əhmədovu, Elçini, İsi Məlikzadəni dəyərləndirmirəm. Sadəcə mən mistik-melanxolik xəttin zövqünü yaşayıram, bu baxımdan dünya ədəbiyyatında Kafka və Orxan Pamukun adlarını çəkərəm. Çox istərdim gənc nəsil Azərbaycan nəsrini diqqətlə oxusun, bir uzun siyahı var - Çingiz Hüseynovdan tutmuş Saday Budaqlıya, Səfər Alışarlıya qədər. Sual ustadlarımla bağlıdısa, indi də onları xatırlamalıyam. Mənim iki ustadım olub, zənnimcə, bu, çox deyil: Vaqif Bayatlı və Zahid Sarıtorpaq.

- Pandemiya mövzusunda bədii əsər qələmə almaq fikrin varmı?

- Məşhur ifadəylə desək, nəslinə, məmləkətinə, zamanına insan özünün rəyi soruşulmdan, seçim imkanı verilmədən təyinat alır. Hər adamın hekayəti də bu metafizik instansiyaya aiddi, yəni qədərin diqtəsidi. Əgər adam həm də yazıçıdısa, demək, həm də öz hekayətini yazmağa məhkumdu. Qədər-qismətində olan hekayətini. Mən də qədərin mənə verdiyi mövzuları yazmağa çalışıram.

Bizim məmləkətsə süjetlə zəngindi, inanılmaz dərəcədə zəngin... Çox arzulardım Sabirdən savayı bir neftçinin, bir ləzgi qızının, bir məmurun, bir qarabağlının da romanını yazım. Amma yəqin onları mən yox, başqaları yazmalı olacaq. Mənim hekayətimsə – mənim hekayətimdi. Onları oxuyacağınız günə yazıb çatdırmalıyam.

- "Hərdən yad adamları elə adlar oxşadır... Bu roman sizə xoşbəxtlik gətirəcək" deyirsən "Mən yoxam"ın sonunda. Xoşbəxtlik nədir ki?

- Bu, sadə məsələdi. Xoşbəxtlik uşaq oyuncağı kimi kiçicik bir şeydi, amma onu səbəbsizcə, yüz bəhanəylə bizə vermək istəmirlər. Xoşbəxtlik yəqin ki, hüzur deməkdi. Sadəcə hüzur...

- Allahın bu boyda dünyanı vətən edən insanlara qəzəbli xəbərdarlığı bəşər övladını dəyişdirə biləcəkmi?

- Bəşəriyyətin aqibəti çox qəliz mövzudu. O, dəyişəcəkmi, yoxsa yox, proqnoza gəlməyən bir şeydi, bu suala yalnız uşaq qədər səmimi olanlar dərhal cavab verməyə cəhd göstərərlər. Mənimsə son sözüm budu: Oqtay, Allah eləsin ki, Allah var olsun. Yoxsa insanlıq hara gedəcək, mənə qaranlıqdı. Özü də mənim müşahidəmə görə, Allah hekayəti sevir, bu insan süjetini də dolub-dolandırıb sonda bir yaxşı epiloqa çıxaracaq. Mən ümid edirəm...

Söhbətləşdi: Oqtay Qorçu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər