İyun ayının 16-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, Dövlət Himninin ifası ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilib.
Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ildə DSX Akademiyasının açılış mərasimindəki çıxışında sərhədçilər qarşısında qoyduğu - şəxsi heyətin döyüş və peşəkar hazırlığının gücləndirilməsi, bilikli, savadlı və vətənpərvər, Azərbaycan dövlətçiliyinə sadiq zabitlərin yetişdirilməsi kimi tapşırıqların ən yüksək səviyyədə icra olunduğu, görülmüş tədbirlər nəticəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasının təkcə ölkəmizin deyil, regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilməsi qürurla vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmış, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə daima hazır olmaları xüsusi vurğulanıb.
DSX Akademiyasını bitirən leytenantlara diplomlar təqdim olunmuş və gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər.
Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.