16 İyun 2020 18:10
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi yazarlar karantin dönəmini yaradıcılıq baxımından bir fürsət sayır.

Bu baxımdan Teleqraf.com Dövlət Dil Komissiyasının sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar karantində yaradılıcığı ilə maraqlanıb.

Yazıçı açıqlamasında karantin qaydalarına riayət etdiyini və evdən çıxmadığını deyib: “Neçə ildir kitablarımı səliqəyə salmaq istəyirdim, amma vaxt olmurdu. İndi imkan düşüb, kitablarımı və arxivimi səliqəyə salıram”.

Karantində yaradıcılıqla da məşğul olduğunu deyən yazıçı yeni əsərlərinin məzmunu barədə məlumat vermək istəməyib: “Açığı, yeni yazılarım haqqında məlumat vermək istmirəm. Çıxanda oxuyarsız”.

Karantin müddətində Yazıçılar Birliyinin fəaliyyətinə gəlincə, Anar onlayn iclasların keçirilmədiyini deyib: “Amma bizim jurnallar və qəzet çıxır, onların fəaliyyəti dayandırılmayıb”.

Anar ötən günlərdə 200-ə yaxın ziyalının ona müraciət etməsindən danışmaq istəməyib: “Mənə ziyalılar yox, bir nəfər müraciət etmişdi. Onun da cavabını vermişəm”.

Qeyd edək ki, iyunun 12-də 200-ə yaxın ziyalı Anara müraciət edib. Onlar müraciətlərində radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatık normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarından narahat olduqlarını qeyd ediblər. Ziyalılar bu problemin həlli üçün Anarın əlindən gələni əsirgəməyəcəyinə əmin olduqlarını bildiriblər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər