Pandemiya iqtisadiyyat, səhiyyə ilə yanaşı təhsilə də təsirsiz ötüşmədi. Mart ayından bəri ölkədə canlı tədris prosesi dayandırıldı. Orta və ali təhsil müəssisələri məcburi olaraq onlayn tədrisə keçməli oldu. Pandemiyanın nə qədər davam edəcəyi məlum deyil. Maraqlıdır, universitetlər ötən semestri nəzərə alaraq bu istiqamətdə hansı işləri planlayırlar?
Teleqraf.com ali təhsil müəssisələri arasında onlayn tədris prosesinə hazırlıqla bağlı sorğu keçirib.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının sözlərinə görə, universitet pandemiyanın ilk günlərindən bu istiqamətdə işlər görməyə başlayıb. Professor deyib ki, distant təhsil əyani təhsili tam əvəz etməsə də, universitet bu məsələdə çox ciddi problemlə qarşılaşmayıb: "Distant təhsil hazırda həyatımızın mərkəzində dayanır. Təhsil cəmiyyətin ən çox düşündüyü, eyni zamanda ən çox problem və uğurların olduğu sahədir.
Bu gün pandemiya ilə bağlı məsafədən təhsil aparılır. Biz bunu məcburiyyət səbəbilə mümkün qədər keyfiyyətli təşkil etməyə çalışırıq. Deyim ki, bəlkə də Azərbaycanda bu məsələni ən ciddi təşkil edənlərdən biriyik. Tələbələrin əksər hissəsi dərslərdə iştirak etdi. İmtahanların aparılma prosesi və əlaqələr necədir, problemlər nədən ibarətdir və sairə, bunların hamısını öyrənən komandalarımız var. Bu işlər görüldü və davam etməkdədir.
Hazırda imtahan dövrüdür. Əyani təhsildə hər şey məlum idisə, məsafədən təhsil nəzərdə tutulmamış fəaliyyətdir. Yaranan problemləri həll etdik, tədris işini uğurla başa çatdırdıq. İmtahanlar davam edir. Məsafədən təhsil bizə çox şeylər öyrətdi. Müəllim tələbə ilə üz-üzə söhbətdən başqa məsafədən əlaqə saxlaya bilər, tapşırıq göndərib, suallarına cavab verə bilər. Yəni onunla ünsiyyət kəsilməzdir.
Bunun elementləri bizdə vardı. Məsələn, ingilis departamentində tələbələr tapşırığı həll edib, votsap vasitəsilə müəllimə göndərirdilər. Bu bizə öyrətdi ki, çox normal şəkildə məsafədən təhsili canlı saxlamaq lazımdır".
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deyib ki, təhsil müəssisəsində nəticələrin qiymətləndirilməsi üçün təşkil edilən onlayn final imtahanları başa çatıb və ilk təcrübə olmasına baxmayaraq, BANM-da distant təhsil uğurla təşkil olunub: "Ümumiyyətlə, gələcəkdə təhsilin bir qolu kimi distant təhsilin yaradılması müzakirə mövzusudur. Ölkədə ilk dəfə BANM-də təşkil olunan onlayn imtahanlar may ayının 18-də yekunlaşıb. İmtahanlar LMS (Learning Management System - Öyrənmənin idarəolunması sistemi) üzərindən reallaşdırılıb. Ənənəvi imtahanlardan fərqli olaraq onlayn imtahanlar test üsulu ilə keçirilib.
Bundan əlavə, ABŞ-ın Stanford Universitetinin lisenziyalı “Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə edən tələbələrimizə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradılıb.
Eyni zamanda, buraxılış işlərinin onlayn müdafiəsi prosesi də başa çatıb. 2019/2020-ci tədris ilində tədris planlarının bütün şərtlərini yerinə yetirmiş və tədris olunan bütün fənlər üzrə attestasiyalardan müvəffəqiyyətlə keçmiş V kurs tələbələri buraxılış işlərini, magistrantlar isə dissertasiya işlərini onlayn şəkildə müdafiə ediblər. Müdafiə prosesisi “MS Teams” onlayn platforması üzərindən canlı formada Yekun Dövlət Attestasiya və İxtisaslaşdırılmış Elmi Şuranın üzvlərinin iştirakı ilə təşkil olunub. Apelyasiya və təkrar imtahanlar da onlayn formatda keçirilir".
Elmar Qasımov əlavə edib ki, aidiyyəti qurumlar tərəfindən növbəti tədris ilində məhdudiyyətlər davam etdirilərsə, Bakı Ali Neft Məktəbi distant təhsilə, onlayn dərslərin təşkilinə hazırdır. Ali məktəbin Elmi Şurasının üzvləri ilə bu məsələ artıq müzakirə olunub, zəruri hazırlıq işlərinin görülməsi qərara alınıb.
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, martın 30-dan universitetdə "Zoom" proqramı vasitəsilə onlayn dərslər keçirilir və tələbələrin 85 faizi bu dərslərdə iştirak edib: "Sistem çox yaxşı qurulmuşdu, heç bir problem yaşanmırdı. Lakin aprel ayının sonu, mayın əvvəllərində bəzi internet problemi olan 600 tələbəni universitetimiz "Azercell"in güzəştli internet paketləri ilə təmin etdi ki, tələbələr dərslərə qoşulsunlar.
Bəzi tələbələr ucqar kəndlərdə olduqları üçün dərslərdə mütəmadi iştirak edə bilmirdilər. Buna baxmayaraq imtahanlar zamanı tələbələrimizə güzəştlər nəzərdə tutuldu. İmtahanlarda iştirak edən bütün tələbələrimiz məqbul qiymət alıb, kəsilən tələbəmiz yoxdur. Onlayn imtahanlarımız şəffaf şəkildə davam edir".
Sevinc İsgəndərovanın sözlərinə görə, universitet tarixində ilk dəfə magistratura tələbələri imtahanlarda tələbə kimi yox, müəllim kimi iştirak ediblər: "İlk dəfə onlayn imtahanlarda ikinci kurs magistr tələbələri bakalavrlardan imtahan götürürlər. Proqram Azərbaycan Texniki Universitetinin "Gələcəyin müəllimi" layihəsinə daxildir. Bu, gələcəkdə magistrların işlə təmin olunmasına köməkdir. Artıq onlar hazır müəllim kimi fəaliyyət göstərirlər.
Distant təhsilin davam etdirilməsi prosesi imtahanlar bitdikdən sonra bir daha nəzərdən keçiriləcək və ictimaiyyətə bu barədə məlumat veriləcək.
Hazırda imtahanlar onlayn formada şifahi keçirilir və tələbələr bundan çox razıdırlar. Paralel olaraq tələbərektorun təşəbbüsü ilə onlayn çat yaradılıb. Bu çat vasitəsilə tələbələrin şikayətləri operativ cavablandırılır. Çata nəzarəti də tələbələr edir. Şikayətləri qəbul edib, müvafiq strukturllara yönləndirirlər.
Şikayətlər ilk vaxtlar 700 ətrafında idisə, hazırda bu say kəskin azalıb. Tələbələrdə imtahan qabağı gərginlik vardı. Artıq rahat şəkildə imtahanlarda iştirak etdikləri üçün problem və şikayətlər azalıb".
Azərbaycan Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru Qasım Məmmədov bildirib ki, pandemiyanın davam edəcəyi şəraitdə bəzi fənlərin onlayn tədirisi barədə müzakirələr aparılır: "Mart ayından Təhsil Nazirliyinin "MS Teams" proqramı üzərində onlayn dərsləri keçmişik. Bütün mühazirə materiallarını tam şəkildə tələbələrə çatdırmışıq. Hazırda imtahan sessiyasını onlayn rejimdə şifahi olaraq sözügedən proqram vasitəsilə həyata keçiririk.
Hər bir saatda 6 tələbə imtahana qoşulur, onlara fikirləşmək üçün 20 dəqiqə vaxt verilir. Müəllim və tələbələr imtahana qədər biletləri görmürlər. Tələbə imtahana qoşulan kimi sistem bileti seçir və tələbə o sualları cavablandırır. Tələbələr də imtahanın gedişindən tam razıdırlar. Biz gündəlik olaraq Təhsil Nazirliyinə statistikanı təqdim edirik və demək olar ki, tələbələrin 98 faizi məqbul qiymət alır.
Əgər pandemiya davam edərsə, biz yenə də bu rejimdə dərsləri keçməyi düşünürük. Elə fənlər var ki, onları onlayn rejimdə tədris etmək həm universitet, həm də tələbə üçün daha rahat olacaq. Məsələn, Azərbaycan tarixi fənni kimi fənləri onlayn rejimdə tədris etmək daha əlverişlidir".
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucovun sözlərinə görə, ölkə prezidenti də məsələyə münasibət bildirərək mövqeyini dilə gətirib və demək olar ki, Azərbaycan üçün həm hazırkı dönəmdə, həm də postpandemiya dövrü üçün yeni bir mərhələ başlayır: "Hazırkı durum qeyri-müəyyəndir, heç bir səviyyədə təhlükənin nə zaman sovuşacağı məlum deyil. Ona görə də ən doğru yol və seçim odur ki, biz hazırkı vəziyyət və duruma müvafiq olaraq qərarlar qəbul edək.
Bu qərarlar həm də postpandemiya dövrü üçün Azərbaycanın itkilərinin minimuma endirilməsi ilə bağlı olsun. Ölkə başçısı da birmənalı olaraq bildirdi ki, biz ən çətin situasiyalara hazır olmalıyıq. Ona görə də dünyanın informasiya texnologiyaları sahəsində ən nəhəng şirkəti olan "MS Teams" ilə yeni dövrün çağırışlarına uyğun olan istiqamətdə işlərin görülməsi Azərbaycan prezidentinin, eyni zamanda innovasiyalara yer verildiyi və ən çətin dövrlərdə belə vətəndaşları, dövləti bu vəiyyətdən itkisiz çıxarmaqla bağlı görülən işlərin davamıdır.
Təhsil Nazirliyi ilə "Ms Teams" arasında əməkdaşlıq qurulub və işlər ən yüksək səviyyədə gedir. Azərbaycanda postpandemiya dövründə "Virtual məktəb" layihəsinin ərsəyə gəlməsi Təhsil Nairliyi ilə "MS Temas"in əməkdaşlığının nəticəsidir. Təsəvvür edin ki, bu nəhəng və olduqca faydalı olan layihəni xeyli müddət sonra digər ölkələr tətbiq etməyə başladılar. Əlbəttə, pandemiya bizi yeni və fərqli istiqamətlərdə strategiya qurmağa sövq edir. Bu, eyni zamanda təhsillə bağlı məsələlərdir.
Hesab edirəm ki, biz çağırışlara hazır olmalıyıq. Pandemiyanın nə qədər davam edəcəyi məlum deyil. Pandemiya bitsə belə bizi gələcəkdə nələrin gözləyəcəyindən heç kim sığortalanmayıb. Buna görə də Azərbaycanda təhsilin yeni formalarının ərsəyə gəlməsi və inkişaf etdirilməsi ilə bağlı fikirlərin ölkənin birinci şəxsinin dilindən işlədilməsi bizi bu istiqamətdə yeni işlərə sövq edir. Bu prosesi tezləşdirmək lazımdır".
İlqar Orucov hesab edir ki, distant təhsil təhsilin dünyada oturuşmuş növlərindən və ən doğru formalarından biridir: "Ona görə də bu istiqamətdə dünyada qabaqcıl təcrübə öyrənilməlidir. Yeni tədris ilinə hazırlaşarkən bütün detallar üzrə hazırlığımız davam etdirilməldir. Pandemiya davam edəcəyi təqdirdə təhsil alan və təhsil verənlərimizi yeni situasiyaya hazırlamalıyıq. Bütün bunlar sadəcə versiyadır, sentyabrda tədris ilinin başlayıb-başlamayacağını heç kim deyə bilməz. Bütövlükdə qabaqlayıcı tədbirlər vacibdir və görülməldir".