“Bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) viruslarla apardığı mübarizənin az hissəsində müsbət nəticə əldə olunub”.
Bunu Teleqraf.com-a açıqlamasında həkim-terapevt Rasif Bağırov deyib.
O bildirib ki, növündən asılı olmayaraq xəstəliyin mənşəyi virusdursa, onun yayılma ehtimalı həmişə yüksək olur: “Hələlik ÜST-ün viruslarla apardığı mübarizədə Hepatit B və C xəstəliklərində müsbət nəticə əldə olunub. Amma bunu bütün viruslara aid etmək olmaz”.
Mütəxəssis hesab edir ki, Çin virus barədə məlumatı vaxtında açıqlamayıb: “Əgər virusun aşkarlandığı arealda güclü karantin tədbirləri həyata keçirilsəydi, onun yayılma riski aşağı olardı. Çin isə COVİD-19 pandemiyası başlayanda daxili uçuşları saxlayıb, beynəlxalq uçuşları davam etdirdi. Nəticədə virus dünyanın hər yerinə yayıldı.
Bənzər hadisə illər öncə Qərbi Afrikada da qeydə alınmışdı. Burda yayılan ebola virusu təxminən 4 min adamın ölümünə səbəb olmuşdu. Amma virus haqqında gecikmədən məlumat verilmişdi. O zaman ebola virusu vaxtında lokallaşdırıldı. Çində koronavirus barədə xəbər isə dünyaya yayılanda artıq çox gec idi”.
Rasif Bağırov deyir ki, virusun xüsusiyyətləri, necə inkişaf etməsi, təsir mexanizmi, əlamətləri, yayılma tempi kimi məsələlər dəqiq öyrənilənə qədər mübarizə tədbirləri gecikir: “İndi insanlar xəbəri olmadan koronavirusa yoluxurlar. Çünki hava-damcı yolu ilə yayılan virusları lokallaşdırmaq həddən artıq çətindir. Bu viruslar adi danışıqda belə bir insandan başqasına keçə bilir.
Bəzi Avropa ölkələrində virusa yoluxma hallarında azalma var, Çində isə yeni dalğa başlayıb. MDB məkanında virusa yoluxma halları olsa da, Avropa ölkələri ilə müqayisədə kütləvi ölüm yoxdur.
Virusla mübarizədə ölkələrin maliyyə vəsaiti də mühüm rol oynayır. Hansı ölkədə maliyyə resursları və səhiyyənin durumu zəifdir, təbii ki, bu prosesin öhdəsindən gəlmək həmin ölkələr üçün çətin olacaq”.