Hazırda Neftçala rayonunun qəsəbə və kəndlərinə içməli su Salyan rayonundan maşınlar vasitəsi ilə gətirilib əhaliyə paylanılır.
Bunu Teleqraf.com-a açıqlamasında Neftçala rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Çiçək Adıgözəlova deyib.
O bildirib ki, rayon İcra Hakimiyyətinin saytında “Azərsu” ASC-nin qaynar xətti istifadəyə verilib:
“Kimin içməli su ilə bağlı problemi yaranırsa, qaynar xətt nömrəsinə müraciət edə bilər. Rayonda mütəmadi olaraq hər gün əhaliyə maşınlarla su paylanılır. Əhalinin su təminatında gecikmələr ola bilər. Nəzərə almaq lazımdır ki, içməli su Salyandan daşınır”.
Çiçək Adıgözəlova deyib ki, ölkə başçısının Neftçalada su təchizatının yaxşılaşdırılması istiqamətində imzalanan sərəncamın icrasına başlanılıb: “Rayonun və ətraf yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan layihə çərçivəsində Salyan rayonu ərazisində olan su tutumu 7500 kubmetr olan su anbarının tikintisinə başlanılıb. 44 km məsafədən Neftçalaya çəkilən su xətti layihəsinin tikintisinin 2 ay müddətində başa çatması gözlənilir”.
Xəzər dənizinin suyunun Kür çayına axması məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, burada effektiv tədbirlər görülüb: “Axının qarşısının alınması məqsədilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC rəhbərliyinin göstərişi ilə Salyan-Neftçala rayonları ərazisində Kür çayı boyunca nasos stansiyaları 1 sutkalıq dayandırıldı. Bu da bir müddət öz effektini göstərdi. Buradan əhaliyə texniki məqsədlərlə istifadə etmək üçün su verilir. Əhalinin içməli suya olan tələbatı maşınlarla ödənilir”.
Qeyd edək ki, iyun ayında Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq Xəzər dənizinin suyu Kür çayına axıb qarışmışdı. Nəticədə Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranmışdı.