Sosial şəbəkədə insanlar SMS icazə sistemində gün ərzində 2 koddan yalnız birindən istifadə etməyə icazə verildiyini bildirirlər. İstifadəçilərin sözlərinə görə, həkimə getmək üçün icazə aldıqdan sonra 2-ci kod üzrə marketə getmək üçün müraciət edəndə onlara imtina mesajı göndərilir.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, SMS icazə sistemi üzrə təlimata uyğun olaraq vətəndaşlar hər iki koddan istifadə edə bilər:
“Gün ərzində yalnız kodların birindən istifadəyə icazə verilməsi, yaxud bu qaydalarla hər hansı məhdudiyyət qoyulması barədə qərar yoxdur. Vətəndaşlarımız əvvəlki qaydada gün ərzində hər iki koddan istifadə edə bilərlər.
Lakin burada sui-istifadə hallarına yol verilməməlidir. Əgər hansısa vətəndaşın ikinci dəfə müraciətinə imtina verilibsə, “Asan Xidmət”ə müraciət edə bilər. Onun müraciəti araşdırılacaq və müvafiq cavab veriləcək”.