29 İyun 2020 15:43
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. Respublikamızın bütün guşələrindən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər.

Teleqraf.com Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Bakı şəhərinin Nəsimi rayonundan professor Adilə Abasova yazır: “Əziz və möhtərəm cənab Prezident, mənə göstərdiyiniz son dərəcə böyük diqqətə və qayğıya görə Sizə minnətdarlığımı ifadə etmək üçün söz tapa bilmirəm. Dövlətimizin yüksək mükafatlarından olan 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim mənə o qədər böyük bir sevinc bəxş edib ki, özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm. Mənim həyatda amalım həmişə Vətənə xidmət olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində qəlbimin səsini dinləyərək Moskvada elmi fəaliyyətimi, radiasiya problemləri sahəsində araşdırmalar aparan laboratoriya müdiri vəzifəsini tərk edib Azərbaycana dönmüşəm. Ulu öndər Heydər Əliyevin etimadı ilə mənə Azərbaycan Respublikasının Milli Məclisində yüksək vəzifə həvalə edilib. Taleyimdən çox razıyam ki, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri kimi ölkəmizin qanunvericilik bazasının inkişafında mənim də xidmətlərim olub. Əziz və möhtərəm cənab Prezident, Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi rəhbəri var. Sizin dərin zəkanız, müdrikliyiniz, alicənablığınız xalqımızın həyatını nurlandırır, onu gözəl gələcəyə aparır. Azərbaycanın işıqlı günləri ulu öndər Heydər Əliyevin davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Allah Sizi və ailənizi Azərbaycanımız üçün qorusun!”.

Hacıqabul rayonunun Kolanı kəndindən Müşfiq Nağıyev: “Möhtərəm cənab Prezident, bir gənc müəllim olaraq Azərbaycanın bu günü və sabahı üçün gördüyünüz işləri yaxından izləyir və alqışlayıram. Pandemiya ilə mübarizə sahəsində gördüyünüz işlər göz qabağındadır. Əvvəlki illərdə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxlu sayda tibb ocaqlarının ərsəyə gətirilməsi, modul tipli xəstəxanaların operativ olaraq inşa edilib istifadəyə verilməsi harayımıza yetdi. Belə olmasaydı, xəstəliyə yoluxan insanları yerləşdirməkdə çətinlik çəkər, görülən tədbirlərin səmərəliliyi azalardı. Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan nəinki regionun, hətta dünyanın nüfuzlu öləklərindən birinə çevrilib. Bu gün bir çox ölkələr Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, dünyanın dörd bir yanından insanlar ölkəmizlə yaxından maraqlanırlar. Sizə hər zaman böyük ehtiyacımız var, cənab Prezident!”.

Ağcabədi rayonunun Kəbirli kəndindən Fazil Orucov: “Möhtərəm cənab Prezident, iyun ayının 3-də Ağcabədi rayonuna səfəriniz ailəmizin böyük sevinc və iftixarına səbəb oldu. Səfərdən dərhal sonra Ağcabədi rayonunun 14 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinə yol çəkilməsi və Sarıcalı kəndində 360 yerlik məktəb binasının tikilməsinə dair verdiyiniz sərəncamlar cəbhə bölgəsi və Qarabağ torpağı olan Ağcabədi rayonuna diqqət və qayğınızın təzahürüdür. Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Mən fəxr edirəm ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun, Azərbaycan xalqına çox görməsin!”.

Füzuli rayonunun Qayıdış-7 qəsəbəsindən şagird Vəliyar Oruclu: “Hörmətli cənab Prezident, mən məcburi köçkün övladı olaraq Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məcburi köçkünlər üçün yaratdığınız şəraitə görə təşəkkür edirəm. Bu gün dünyanı bürüyən koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin gördüyünüz tədbirlər ölkəmizdə insanların bu virusa az yoluxmasına və ölüm sayının Avropa ölkələrinə nisbətən daha az olmasına gətirib çıxardı. Sizin yüksək idarəetmə bacarığınız nəticəsində bu virusa yoluxmaların sayı aşağı həddə saxlanılmaqdadır. Cənab Prezident, tutduğunuz bu yolda Sizə yeni uğurlar arzulayıram. Tanrı Sizi qorusun!”.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən Mütəllim Mütəllimzadə: “Möhtərəm cənab Prezident, dünya ölkələrini təşvişə salan, dövlətləri müflisləşmə həddinə qədər gətirib çıxaran COVID-19 pandemiyasının ölkəmizdə yarada biləcəyi fəsadların qarşısının böyük ölçüdə alınması Sizin uzaqgörənliyinizin, yüksək idarəçilik qabiliyyətinizin, yeritdiyiniz düzgün siyasətin nəticəsidir. Bu sınaq ölkəmizdə xalqın dövlətə olan inamını, güvənini bir daha sübut etdi. Bu hadisələrin baş verdiyi dövrdə xalqımızın rifahı naminə görülən tədbirlər, atılan addımlar xalqımız tərəfindən yüksək qiymətləndirildi. Ümummilli lideri Heydər Əliyev kimi, Siz də Azərbaycan xalqını təhlükəli vəziyyətlərdən qəhrəmancasına xilas edirsiniz. Koronavirusa yoluxmanın aşkar olunduğu ilk vaxtdan etibarən xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız xalqa verdiyiniz dəyərin təzahürüdür. Eyni zamanda, karantin qaydalarına xalqımızın mütləq əksəriyyətinin əməl etməsi xalqın dövlətə bağlılığının göstəricisidir. Xalqımızın bu çətin sınaqdan xilas olunması üçün gördüyünüz tədbirlərə görə Sizə öz adımdan, ailəmin adından təşəkkür edirəm, cənab Prezident. Əzəli torpaqlarımızın qaytarılması uğrunda apardığınız mübarizədə Sizin siyasətinizi hər zaman dəstəkləyir, dövlətimiz, dövlətçiliyimiz, xalqımız uğrunda hər bir tapşırığa hazır olduğumu bildirirəm”.

Tərtər rayonundan Etibar Əhmədov: “Möhtərəm cənab Prezident, Sizin koronavirus pandemiyasının qarşısının alınması üçün atdığınız qabaqlayıcı addımlar tam əminliklə deməyə əsas verir ki, bu bəladan az itkilərlə çıxacağıq. Cənab Prezident, bizim sağlamlığımızın qeydinə qaldığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Belə bir çətin vaxtda rayonumuza səfər etdiniz, möhtəşəm Olimpiya İdman Kompleksinin, Dövlət Rəmzləri Muzeyinin, Tərtər Elektrik Yarımstansiyasının, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolunun açılışlarını etdiniz. Biz tərtərlilər haqqında dediyiniz “Mən aprel döyüşlərindən sonra burada olarkən tərtərlilərin mərdliyini bir daha gördüm. Gördüm ki, onlar öz torpağından heç yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpaqlarında möhkəm dayanıblar” sözləri bizim vətəndaş məsuliyyətimizi, vətənpərvərliyimizi daha da artırıb. Cənab Prezident, Tərtər rayonu, onun sakinləri haqqında dediyiniz xoş sözlərə, insanlarımıza verdiyiniz yüksək dəyərə görə Sizə minnətdarıq. Tərtərlilər Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər, Vətənimizə və Sizə sadiqdirlər”.

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindən Nurəddin Abdullayev: “Hörmətli cənab Prezident, mən 1979-cu ildə hemofıliya xəstəliyi ilə dünyaya gəlmişəm. Bu xəstəlik səbəbindən çox ağrı-acılarım olub. Nəticədə 1-ci qrup əlil olmuşam. 2004-cü ildən ailəliyəm, iki övladım var. Bu məktubu Sizə yazmaqda məqsədim dərin minnətdarlıq hissimi bildirməkdir. Mən hər zaman ən çətin anımda dövlətin qayğısını hiss etmişəm. Bunun üçün Sizə və Mehriban xanıma borcluyam. Bu gün istər hemofiliya sahəsində, istərsə də sosial rifahımız üçün imzalanan bir çox sərəncamların bizim həyatımıza təsirini duyuruq. Cənab Prezident, 20 ildən çoxdur ki, reabilitasiya məmulatlarından istifadə edirəm. Hazırkı pandemiya dövründə Protez-Ortopedik Bərpa Mərkəzində zənglərə operativ cavab verilməsi, elektron qaydada sənədlərin qəbulu, ünvanlarda xidmətlərin göstərilməsi, reabilitasiya vasitələrinin yaşayış ünvanlarına gətirilməsi həyata keçirilir. Bu bizə olan diqqət və qayğının təzahürüdür. Bütün bunlar üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu çətin anlarda belə isti münasibət və ən əsası xüsusi diqqət biz əlilləri sevindirir. Çox sağ olun”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər