FHN-in Sumqayıt Regional Mərkəzi Xırdalan şəhərindəki 4 №-li tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, FHN-in Sumqayıt Regional Mərkəzi ilə Abşeron rayon Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən rayonun təhsil ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirin nəzəri hissəsində “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli ”, Elektriklə rəftar qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilib. Şagirdlərə maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər də paylanılıb.
Tədbirin praktiki hissəsində məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında məlumat verilib.
İlhamə