Koronavirus pandemiyası tüğyan edəndən xoş xəbərlərə həsrət qalmışıq deyə bilərik. Lakin pandemiyanın neqativliyinə məhəl qoymadan, şad gününü qeyd edən insanlar da var. Onlardan biri də müsahibimiz Vəliyevlər ailəsidir. Cavid və Çinarə cütlüyü baş verən hadisələrə rəğmən, öz xoşbəxtliklərindən imtina etməyiblər. Belə ki, cütlük ailə arasında kiçik toy məclisi keçirərək, nikah mərasimlərini qeyd edib.
Ailənin xanımı Vəlizadə Çinarə xoşbəxt anlarını Teleqraf.com-la bölüşdü. Müsahibəsini təqdim edirik.
- Azərbaycanda oturuşmuş toy ənənələrinə rəğmən pandemiyanın yaratdığı yeni situasiyada yeniliyə imza atdınız. Necə oldu bu qərara gəldiniz?
- Biz heç vaxt cah-cəlal sevməmişik, hər zaman sadəliyə üstünlük vermişik. Koronavirusun yayıldığı ərəfədə düşündük ki, ən yaxşısı yığışaq, iki ailə arasında toy edək. Bir-birimizi sevdiyimizə görə bizim üçün əsas birlikdə olmağımız idi. Tələsmək, toya hazırlıq kimi məqsədimiz yox idi. Bir-birimizin yanında olmaq üçün bu addımı atdıq.
- Toyda neçə nəfər iştirak etdi?
- Toyda 6 nəfər vardı. Yalnız ailə üzvlərimiz iştirak etdi. Musiqçilər belə olmadı. Sadəcə ailə daxilində toplaşdıq. Ümumilikdə 25 nəfər gəlib təbrik edib, getdilər.
- Ümumiyyətlə toy etmək fikriniz var idi? Koronavirus səbəbilə toyu təxirə salınan çox cütlük var...
- Toy etmək istəmədik. Pandemiya olmasaydı belə, yenə də dəbdəbəli toy keçirmək niyyətində deyildik. Qır-qızıl, çoxlu pul xərcləmək kimi fikirlərimiz yox idi. Sadəcə olaraq biz Bakıda idik, sonra Naxçıvana gəldik. Həmin ərəfədə də sərt karantin elan olundu. Qərara gəldik ki, mənzərəli yer tapaq, ailə arasında kiçik toy edək.
- Nə qədər müddətdir birlikdəsiniz? Tanışlığınız necə olub?
- Biz 3 ildir birlikdəyik. O qədər sevirik ki, heç vaxt ayrı qalmağı düşünməmişik. Biz eyni rayondanıq, amma ayrı-ayrı kəndlərdə yaşayırıq. Mən bir dəfə həyat yoldaşımın qohumunun toyuna getmişdim, onda bir-birimizi tanımırdıq. Orada məni görüb bəyənmişdi. Amma yaxınlaşmamışdı, çünki bacımla mən çox bənzəyirik, bacım da evlidir. Toydan şəkil çəkilib paylaşıldı. Həyat yoldaşım da deyib ki, bəs camaatın gəlininin niyə şəklini paylaşırsız? Xalası da deyib ki, bu bacısıdır. O da deyib ki, bəs neçə ildir bu qızdan xoşum gəlir. Bu hadisədən sonra bizi birləşdirdilər.
- Ailənizin, ətrafınızdakı insanların qərarınıza reaksiyası necə oldu?
- Əsas bizim xoşbəxtliyimiz idi. Ailəmiz də qərarımıza dəstək oldular. Təbii ki, çox adam deyirdi toy edin. Hər bir qadının gəlinlik geyinmək arzusudur. Lakin mən sadəliyə önəm verirəm. İnsan qərarını məncə, sərbəst şəkildə özü verməlidir, biz də belə etdik.
- Sizdən əvvəl ailənizdə kiminsə bu cür toyu olub?
- Biz ailədə üç övladıq. Məndən əvvəlkilərin hər birinin toyu restoranda olub, həmçinin həyat yoldaşımın qardaşının toyu da. Biz bildirdik ki, toy istəmirik, böyük təntənəyə ehtiyac yoxdur. Ailəmiz də dedi ki, necə istəyirsinizsə, elə olsun, əsas xoşbəxt olasınız.