12 İyul 2020 21:24
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisə düşmən təxribatı ilə başlayıb, atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulub və hərbçilərimiz bu təxribata layiqli cavab verərək, düşməni geri oturdub. Rəsmi məlumata görə, bizim iki əsgərimiz şəhid olub, beş yaralımız var. Şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyir, doğmalarına, döyüş yoldaşlarına, ordu mənsublarımıza və bötüvlükdə xalqımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm!

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib:

“Hadisə baş verdiyi andan, rayon rəhbərliyi, Müdafiə Nazirliyi rəsmləri, digər əlaqədar qurumlarla, yerli sakinlərimizlə daimi əlaqədəyik və bir daha vurğulayım ki, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Əlbəttə, həmişə olduğu kimi, düşmən, informasiya cəbhəsində də təxribatlarla məşğuldur. Sizlərin hər birini tam məsuliyyətlə əmin etmək istərdim ki, düşmənə ağır zərbə vurulub və yəqin ki, aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər. Onların itkiləri çoxdur. Müxtəlif erməni mənbələrinin bununla bağlı açıqlamaları sosial mediada artıq yayımlanır".

Qənirə Paşayeva qeyd edib ki, hazırki dönəmdə, ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır: "Nəzərə alsaq ki indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz tərcümeyi-halına, xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırırıq. İkili standartlara son qoysunlar! Bir daha, şəhidlərimizə Tanrıdan rəhmət, yaralı hərbçilərimizə şəfalar dilərkən, əhalimizi şayiələrə uymamağa, yalnız rəsmi qurumlarımızın verdiyi məlumatlara etibar etməyə çağırıram. Tovuzda insanlarımız ordumuzun yanındadır. Dualarımız hər an onlarladır. Sabah səhər karantin qaydalarına əməl etməklə insanlarımızla görüşəcəyik, şəhidlərimizin ailəsinə başsağlığı verib qəhrəman övladlar böyütdüyünüz üçün qarşınızda baş əyirik deyəcəyik. Nur içində yatsınlar. Şəhidlər ölmürlər. Onları hər zaman sevgi və rəhmətlə anacağıq. Yaralılarımız üçün dualarınızı əksik etməyin. Allah onları qorusun".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər