Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Azərbaycanda təşkil olunan Avropanın ən böyük Gənclər Forumu artıq başa catıb.
Qəbələdə Avropa Şurasının 47 ölkəsi və digər ölkələrdən 250-yə yaxın nümayəndənin iştirakı ilə həyata keçirilən “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Forumu başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, 5 gün müddətində keçirilən Forum plenar iclaslar, dəyirmi masalar və işçi qruplar şəklində fəaliyyət göstərib.
Plenar iclaslar və görüşlər zamanı kampaniyanın məqsədi, mahiyyəti, bu günə qədər kampaniya ərzində görülmüş işlər barəsində məlumat verilib və gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb.
Forumun sonunda iştirakçı ölkələrin nümayəndələrinin birgə rəyi əsasında onlayn nifrətlə mübarizə ilə bağlı Qəbələ bəyannaməsi qəbul olunub və iştirakçıların təltifolunma mərasimi həyata keçirilib. Forum zamanı iştirakçılar üçün Azərbaycanın milli dəyərləri, adət ənənələri və qədim tarixini əks etdirən xüsusi mədəni proqram təqdim olunub.
Forumun proqramına müvafiq olaraq iştirakçı ölkələrin “Nifrət Nitqinə Yox” Hərəkatı çərçivəsində gördüyü işlər və mədəniyyətini əks etdirən sərgi təşkil olunub. Daha sonra qədim Azərbaycan şəhəri olan Qəbələ şəhərinə ekskursiya təşkil olunub və iştirakçılar şəhərin təbiəti, qədim tarixi və infrastrukturu ilə tanış olmaq imkanı əldə ediblər. Forum ərzində həmçinin iştirakçılar üçün Azərbaycanın milli rəqsləri və təamlarının təqdim olunduğu Azərbaycan gecəsi təşkil olunub.
Forum ərəfəsində iştirakçıların məlumatlandırılması, həyata keçirilən tədbirlərə onlayn qeydiyyatı və tədbirin onlayn qiymətləndirilməsi məqsədi ilə www.nohateforum.az saytı işə salınıb.
Xatırladaq ki, Forum 2 oktyabr 2014-cü il tarixində Qəbələ şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyası, Avropa Şurasının gənclərlə iş üzrə birgə Şurası, Avropa Şurasının Bakı ofisi və Avropa Şurasının Gənclər Departamentinin Təhsil və Təlim bölməsinin rəsmilərinin iştirakı ilə keçirilən açılış mərasimi ilə öz işinə başlayıb.
“Nifrət Nitqinə Yox” Hərəkatı Beynəlxalq Forumu Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetində sədrliyi çərçivəsində Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Gənclər Departamenti tərəfindən həyata keçirilir.
BƏXTİYAR