Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib.
Teleqraf.com yeni Xarici İşlər nazirinin tərcümeyi-halını təqdim edir.
Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.
Azərbaycan Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub.
2020-ci il iyulun 16-dan Azərbaycan Respublikasının Xarici İşlər naziridir.
Evlidir, 2 övladı var.
Ceyhun Bayramov müstəqil Azərbaycanın sayca 7-ci xarici işlər naziridir. Ona qədər bu vəzifəni Hüseynağa Sadıqov (1991-1992), Tofiq Qasımov (1992-1993), Həsən Həsənov (1993-1998), Tofiq Zülfüqarov (1998-1999), Vilayət Quliyev (1999-2004) və Elmar Məmmədyarov (2004-2020) tutub.