20 İyul 2020 00:33
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu günlərdə hamı səni General-mayor Polad Həşimov kimi tanıdı, amma mən orta məktəb illərindən 1 partada oturan əziz qardaş, sevimli sirdaş, hər zaman bic-bic gülümsəyən, heç kimi incitməyən POLAD kimi tanımışam".

Teleqraf.com xəbər verir ki, bu sözləri Sumqayıt şəhəri, Mikayıl Müşfiq adına 34 saylı orta məktəbin XI A sinfində şəhid General-mayor Polad Həşimovla bir yerdə təhsil alan Vəfa İbrahim deyib.

O, generalla bağlı xatirələrini bölüşüb:

"Sənin ŞƏHİD olmağın illərlə əlaqə qura bilməyən sinif yoldaşlarımızı bir araya gətirdi, hər sözümüz, hər kəlməmiz POLAD oldu, öz dərdimiz yadımızdan çıxdı. Sosial mediada, xəbərlərdə, rəylərdə sənin haqqında yazılanları oxuduqca heç təəccüblənmədim, çünki səni uşaqlıqdan tanıyırdım. Təəccüblənmək o vaxt olur ki, bilmədiyin yeni bir şey öyrənirsən. Yazıblar ki, hər zaman güclü, strateji planlar hazırlamısan. Buna necə təəccüblənmək olar?! Çünki riyaziyyat fənnini çox gözəl bilirdin, bizə də kömək edirdin (tapşırıq dəftərini verirdin çalışmaları səndən köçürdürdük). Sevimli Gülşən müəlliməmiz elə gün olmurdu ki, səni lövhəyə çıxartmasın. Heç etiraz etməzdin, yenə də gülə-gülə lövhəyə çıxardın. Ağlımda lövhənin qarşısında durduğun anlar həkk olunub: uzun, arıq, qarayanız, gülərüz Polad.

Yazırlar ki, inadkar olmusan. Buna da təəccüb etmədim. Belə ki müəllimlərimiz israr edirdilər ki, sən həkim olmalısan. Ancaq sən öz bildiyini etdin, hərbçi olmağı seçdin.
Əsgərlərin yazıb ki, ata, böyük qardaş sevgisi görüblər səndən. Heç təəccüb etmədim, çünki biz (sinif yoldaşımız Məmmədova Vəfa və mən eyni qrupda oxuyurduq) tələbə olanda təhsil aldığımız Xarici Dillər Universitetinə hərbi formada gəlib bizə baş çəkmişdin, dərslərimizlə maraqlanmışdın, çox qürurlanmışdıq".

"Millətimiz, sevimli Sumqayıtımız səni çox sevgi ilə qarşıladı, zamana, məkana, hətta karantin rejiminə belə baxmadan həsrətlə yolunu gözlədi. Buna da heç təəccüb etmədim. Çünki sən özün də insansevər, mərd, cəsur, bütün çətinliklərə sinə gərirdin. Səsin-sorağın Murov dağdan, cəbhə bölgələrindən gəlirdi. Səninlə bağlı yaddaşımda qalan xatirələrim çoxdur, ancaq hislərimi bayatılara köçürdə bildim, əzizim Polad! Haqqını bizə halal elə!", - deyə Vəfa İbrahim bildirib.

Əzizinəm gülərdi,
Danışardı, gülərdi.
Polad çox sirr bilsə də,
Söyləməzdi, gülərdi.

Əzizim vəfalı dost,
Sevgili, sevdalı dost!
Ömrümdə Polad oldu
Vətənə sevdalı dost.

Dağlarında çəni var,
Dumanı var, çəni var.
Poladımız gedəndən
Ölkəmizin qəmi var.

Əzizinəm ay Polad,
Sevdin bizi, ay Polad?!
Doymadıq nur üzünə
Sən doydunmu, ay Polad?!

Ay gəlib illər gedib,
Sevincli günlər gedib.
Qəlbimdə çox kədər var,
Polad ömrümdən gedib.

Əzizim dost yarası,
Ağırdır dost yarası.
Polad, dərdim çox böyük
Sağalmaz dost yarası.

Əzizinəm Poladdır,
Dəmir deyil, poladdır.
Düşmənlərə dağ çəkən
Generalımız Poladdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər