Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Coşıbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, nazir bildirib ki, Azərbaycan turizm vasitəsilə öz mədəni irsini tanıtmaq və təbliğ etməyə çalışır, eyni zamanda, mədəni irs turizmin inkişafına təkan verir: “Qədim tarixə malik Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı bu baxımdan təqdirəlayiqdir. Qazaxıstanın turizm şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakı müştərək əlaqələrə zəmin yara bilər. Bu istiqamətdə əməkdaşlıq sənədləri imzalanmalı və sıx əlaqələr yaradılmalıdır. Lazım gələrsə, beynəlxalq tədbirlərdə birgə stendlərlə də çıxış etmək olar. Eyni zamanda, TÜRKSOY üzvü olan ölkələr kimi mədəni irsimizi də birgə qorumalı və təbliğ etməliyik”.
Yüksək səviyyədə müntəzəm görüşlərin mədəni əməkdaşlıq üçün çox vacib olduğunu deyən Ə.Qarayev qonaqları gələn il Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Qazaxıstan xarici işlər nazirinin birinci müavini R.Coşıbayev qeyd edib ki, 2017-ci ildə Astana şəhərində keçiriləcək beynəlxalq EXPO sərgisində 100-dən artıq ölkə iştirak edəcək.
Azərbaycanın regionda mühüm yer tutduğunu vurğulayan qonaq ölkəmizin bu sərgidə iştirakını önəmli hesab etdiyini bildirib: “İki ölkənin hərtərəfli əlaqələri mövcuddur və turizm sahəsində də əməkdaşlıq genişlənir. Bu səbəbdən də istərdik ki, sərgidə Azərbaycanın həm mədəniyyəti, həm də turizm imkanları geniş sərgilənsin”.
Görüşün sonunda Qazaxıstanın “Astana EXPO 2017” milli şirkəti ilə Azərbaycan Turizm Assosiasiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
İlhamə