28 İyul 2020 12:57
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Tikiş Evi məktəbli formasının tikilməsi üçün yeni tədris ilinin başlanması ilə bağlı qərarı gözləyir”.

Bunu Teleqraf.com-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

Şöbə müdiri deyir ki, BTE-nin məktəbli formalarının satışı ilə məşğul olan ona yaxın mağazası fəaliyyət göstərir: “Bu mağazalarda hazır məktəbli formaları var. Koronavirusa görə dərslərin nə vaxt başlayacağı bilinmir. Tikiş Evinin parçası da var, işçi qüvvəsi də. Nə vaxt məktəblərin açılması ilə bağlı qərar verilsə, lazım olan qədər geyim tikməyə imkanımız çatacaq”.

Etibar Əzimov hazırda məktəbli forması almaq üçün tək-tək gələn valideynlərin olduğunu da deyib: “Doğrudur, onların sayı elə də çox deyil, amma müraciət edənlər var”.

Bu il məktəbli formalarının qiymətində hər hansı dəyişikliyin ediləcəyinə gəlincə, Etibar Əzimov bununla bağlı qərarın olmadığını bildirib.

Şöbə müdirinin sözlərinə görə, pandemiyaya baxmayaraq fabrik işləyir: “BTE-də məktəbli formaları ilə yanaşı, hərbi geyim formaları da tikilir. Hərbi paltarlar mütləq hazırlanmalıdır. Buna görə, Nazirlər Kabineti tikiş işlərini davam etdirmək üçün bizə xüsusi icazə verib. Bizim müəssisə dayana bilməz”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər