28 İyul 2020 19:17
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-də Londonda Böyük Britanıya parlamenti və BBC teleradio korporasiyasının binaları qarşısında etiraz yürüş-mitinqi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Britaniyada yaşayan azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına və işğalçı siyasətinə etiraz məqsədilə təşkil etdikləri yürüş-mitinq BBC-nin binası qarşısından başlayıb.

Türk icması üzvlərinin də qatıldıqları aksiyada Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərimizin şəkilləri, müxtəlif şüarların yazıldığı plakat və bannerlər nümayiş etdirilib. Əraziyə gələn bir qrup erməni təxribata cəhd etsə də, London polisinin müdaxiləsi nəticəsində heç bir insident baş verməyib.

Azərbaycanın dövlət himnini, "Əsgər marşı" və digər vətənpərvər mahnıları birlikdə səsləndirən soydaşlarımız Ermənistanın işğalçı və təcavüzkar siyasətinə kəskin etirazlarını bildiriblər. BBC kimi nüfuzlu media korporasiyasından Azərbaycan həqiqətlərinin dürüstcəsinə işıqlandırılması, işğalçının beynəlxalq hüquq normaları və bəşəri dəyərlərlə bir araya sığmayan əməllərini ifşa edəcək xəbərlərin və reportajların yayımlanması tələb olunub.

Sonra soydaşlarımız etiraz aksiyasını davam etdirərək Böyük Britaniya parlamentinin qarşısında toplaşıblar. Aksiya boyu soydaşlarımızın önündə və bütün gün ərzində Azərbaycan həqiqətlərini özündə əks etdirən təşviqat maşını hərəkət etmiş, dünyada yaşayan azərbaycanlıların, o cümlədən uşaqların müraciətləri ilə ictimaiyyətin diqqətini cəlb edib. Parlamentin qarşısında aksiya iştirakçılarının müraciəti səsləndirilib.

Böyük Britaniya hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, BMT-nin qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə rəsmi Ermənistana təzyiqlər göstərilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpasının təmin olunması üçün qətiyyətli addımlar atılması tələb olunub.

Yürüş-mitinq zamanı "Qarabağ Azərbaycandır!", "Erməni işğalına və təcavüzünə son qoyulsun!", "Biz Qarabağdanıq!", "Qarabağa ədalət!" "Biz yalnız ədalət istəyirik!", "Biz Qarabağı istəyirik!", "Biz sülh istəyirik!", "Yaşasın azad Azərbaycan!", "Ermənistan terrorçudur!", "Erməni qartillərini dayandırın!" şüarları səsləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər