30 İyul 2020 10:42
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 6 ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında geniş tərkibli kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, kollegiya iclasında Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı”ndan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

İclas zamanı həmçinin çaylarda və su anbarlarında quraşdırılacaq hidroloji suölçmə məntəqələri, ölkə ərazisində hidrogeoloji planlama işlərinin davam etdirilməsi, yeraltı su hövzələrinin axtarışı, meşə ilə örtülü ərazilərin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyalarının keçirilməsi, nadir təbiət komplekslərinə beynəlxalq statusların verilməsi və xüsusi mühafizə olunan təbiət ərazilərindən səmərəli istifadə məsələləri ilə bağlı məruzələr dinlənilib.

Qeyd olunub ki, iqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir, bu baxımdan su ehiyatlarının formalaşmasında xüsusi rola malik olan meşələrin miqyasının artırılması əhəmiyyətli hesab olunur. Bununla əlaqədar payız ağacəkmə mövsümündə ölkəmizdə meşələrin artırılması, baramaçılığın, arıçılığın inkişafı və iqlim dəyişmələri fonunda götürülmüş beynəlxalq öhdəliklərə uyğun olaraq karbon qazının udulması məqsədilə əsas tərəfdaş qurumlar, beynəlxalq təşkilatlar, Kənd Təsərrüfatı Nazirliyi, Ekoloji İctimai Şuranın üzvləri və ekokönüllülər ilə birlikdə meşəbərpa, meşəsalma tədbirlərinin həyata keçiriləcəyi bildirilib. Genişmiqyaslı aksiya zamanı meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq üçün açıq meşə ərazilərində əsasən meşəcinsli ağacların əkilməsinin mühüm rol oynayacağı vurğulanıb, təklif və tövsiyələr dinlənilib.
Daha sonra Hirkan meşələrinin YUNESKO-nun təbii irs siyahısına salınması və Zaqatala Biosfer Qoruğunun yaradılması istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat verilib.

Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər