Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda qeyri-COVİD xəstəxanalarına təcili cərrahi əməliyyatlar üçün edilən müraciətlərə mənfi cavabın verilməsinə, həmin şəxslərin xəstəxanalara yerləşdirilməməsinə münasibət bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi pasiyentlər həftəsonları və bayram günləri ərzində təcili cərrahi əməliyyatlar üçün qeyri-COVİD xəstəxanalarına müraciət etdiyi zaman xəstəxanaların onları yer çatışmazlığı səbəbini əsas gətirərək qəbul etmədiklərini, həmin xəstələri tibbi xidmət almaq üçün özəl klinikalara yönləndirdiklərini açıqlayırlar.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Trend-ə bildirib ki, qeyri-COVİD xəstəxanaları həmişəki qaydada həm həftəsonları, həm də bayram günləri işləyirlər:
"Hazırda bu məsələ ilə bağlı heç bir problem yoxdur. Bununla bağlı konkret faktı olanlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" nömrəli "Çağrı" mərkəzinə zəng edərək şikayətlərini bildirə bilərlər".