12 Avqust 2020 19:22
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bir həftəlik qoruyucu maskadan istifadə edilməsi ilə bağlı çağırışın əhəmiyyəti böyükdür. Ümumiyyətlə, belə bir durumda maskadan istifadə bizim gündəlik həyat rejimimizə çevirilməlidir. Koronavirus yüngül mutasiyaya uğrayıb tamamilə kəskin respirator virus infeksiyası olana qədər və yaxud da effektiv peyvənd tapılana qədər qorunma qaydalarına riayət etməliyik.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Sulduz Əhmədova bildirib.

O qeyd edib ki, bir həftə müddətində tibb maskadan istifadə rejimi bir növ əhalini buna alışdırmaq üçündür.

Doktorun fikrincə, sonrakı dövrdə də bunun davam etməsi üçün belə bir addımın atılması və belə bir vərdişin yaranması çox vacibdir:

“Maska taxmaq virus həyatımızdan tamamilə çıxana, pandemiya bitənə qədər davam etməlidir. Bu virus iki formada zəifləyib yox olacaq. Effektiv peyvənd istehsal olunub ümumi bir immunlaşdırma başlanacaq, ya da ki, mutasiyaya uğrayıb yüngül respirator virus infeksiyalarının bir növü kimi qalacaq. Ona görə də, virus məhz bu şəklə düşənə qədər qoruyucu maska taxmağın əhəmiyyəti çox böyükdür”.

Fəlsəfə doktoru bildirib ki, hələlik maska taxmaq bizim həyat tərzimiz olmalıdır.

O vurğulayıb ki, mütləq qorunma tədbirlərinə ciddi əməl etmək tövsiyyə edilir.

Sulduz Əhmədova yumşalma ilə bağlı atılan addımların müsbət qiymətləndirildiyini də söyləyib: “Artıq yoluxmada iki rəqəmli faiz nisbəti müşahidə olunur. Bununla əlaqədar sərt karantin rejiminin yumşaldılması vacib idi. Eyni zamanda yay fəsli ilə əlaqədar insanlar da immunitetini bir qədər yüksətməlidir. Ev şəraitində uzun müddət qalmaq, günəş şüalarından məhrum olmaq tövsiyə olunan hal deyil. Ona görə də payız-qız aylarına qədər ümumi immuniteti yüksəltmək, vitamin D sintezi və mövsümi meyvə-tərəvəzlərdən istifadə tövsiyə edilir”.

Həkim bütün bunlara baxmayaraq qoruyucu tədbirlərin mütləq olduğunu da söyləyib: “Çünki bundan öncə yoluxma sayı aşağı düşdükdə insanların sıx təması nəticəsində sonradan yoluxmada sıçrayış baş verdi. Sərt karantinin yumşaldılsa da, insanlar öz sağlamlığı naminə diqqətli olmalıdır. Sosial məsafəni gözləmək, maska və dezinfeksiya məhlullarından istifadə hələ ki başlıca şərtdir. Çünki təhlükə hələ də davam edir. Koronavirus həyatımızdan çıxmayıb, yoluxmanın azalması o demək deyil ki, virus tamamən yox olub. Mütləq hamımız daha məhsuliyyətli və diqqətli olmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər