Hazırda səhhətim çox pisdir. Danışmaqda çətinlik çəkirəm. Nəfəs ala bilmirəm. Öd kisəmdə problemlər var. Mədəmin yarısı yoxdur. Bir neçə dəfə əməliyyat olunmuşam. İndi də bronxlarım tutulub. Xəstəxanadayam. Müayinə və müalicəyə gəlmişəm.
Bunu Kult.az-a açıqlamasında xalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül Mahmudov deyib. Xalq artisti bildirib ki, son bir neçə həftədə öz hesabına müalicə olunub:
“Son bir neçə həftədə 4700 manat müalicəmə pul xərcləmişəm. Bu, mənim bir illik qazancımdır. Artıq müalicəmi davam etdirməyə imkanım yoxdur. Hazırda yeriyə də bilmirəm. Vəziyyətim günbəgün pisləşir. Dərmanların qiyməti bahadır. Qəbul etdiyim dərmanların da heç bir keyfiyyəti yoxdur. Sizin sayt vasitəsi ilə aidiyyəti qurumlara müraciət edirəm ki, mənə kömək etsinlər”.
Xalq artisti bildirib ki, bir neçə millət vəkilinə müraciət edib:
“Hələ ki, səs-soraq yoxdur. İndi həkimdəyəm, MRT-dən keçəcəyəm. Mən xalqa xidmət etmişəm. Öləndə də kişi kimi öləcəyəm…”