2020/2021-ci tədris ilindən Dövlət Gömrük Komitəsinin Akademiyasında "Beynəlxalq ticarət və logistika" ixtisasına qəbul həyata keçirilir. Sözügedən ixtisasla bağlı sualı cavablandıran Akademiyanın "İxtisas fənləri" kafedrasının müdiri Elvin Əlirzayev bildirib ki, bu ixtisas üzrə oxuyan hər bir tələbə tədris prosesində ilk iki il müddətində iqtisadiyyat elminin baza fənlərini öyrənəcək. "Həmçinin beynəlxalq ticarət, beynəlxalq logistika, beynəlxalq biznes, beynəlxalq ticarət hüququ, beynəlxalq nəqliyyat əməliyyatları kimi beynəlxalq bizneslə və logistika ilə birbaşa əlaqəli fənləri mənimsəyərək, lazımı elmi-praktiki biliklərə sahib olacaq. Bununla yanaşı, beynəlxalq ticarət və logistikanın əsas halqası olan gömrük işi sahəsində yetərli bilik əldə etmək üçün gömrük işinin təşkili və menecmenti, gömrük nəzarəti və rəsmiləşdirməsi, xarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsi, gömrük logistikası, gömrük ekspertizası kimi fənlər tədris olunacaq.
Eyni zamanda, inkişaf edən qlobal iqtisadiyyatı tam başa düşmək üçün elektron ticarət, həmçinin beynəlxalq ticarətdə rol alan beynəlxalq iqtisadi təşkilatlar, beynəlxalq marketinq, risk menecmenti və sığorta kimi yeni fənlərin tədrisi də nəzərdə tutulur " - deyə Elvin Əlirzayev bildirib.
İlk iki ildə tələbələrə intensiv olaraq praktiki və ixtisas yönümlü ingilis dilinin tədris olunacağını diqqətə çatdıran kafedra müdiri onu da vurğulayıb ki, bu ixtisas üzrə təhsil alanlara "Karyeranın planlanması" fənni tədris olunacaq ki, bu da tələbələrə birinci kursdan öz karyeralarını qurmağa yardımçı olacaq. "Bundan əlavə, tələbələr gömrük orqanlarında uzunmüddətli və ya intensiv olaraq təcrübə keçmək imkanlarına sahib olacaqlar" - deyə kafedra müdiri qeyd edib.
O, həmçinin tədris prosesinin ilk illərindən tələbələrə karyeranın planlaması, eləcə də yumşaq və sərt bacarıqların nəzəri və praktiki şəkildə öyrədiləcəyini bildirib:
"Bu ixtisası uğurla bitirən hər bir məzun beynəlxalq səviyyədə iqtisadiyyat, biznes, ticarət və logistika sahələrində yetərli biliyə sahib olmaqla, ölkə və qlobal iqtisadiyyatda baş verən prosesləri doğru təhlil etmək bacarığına sahib olacaq. Eyni zamanda, bu sahənin ən kiçik halqasından ən böyük halqasına qədər ətraflı öyrədildiyinə, biznesi qurma, onu inkişaf etdirmə, qlobal brendə çevrilmə, eləcə də buradakı gömrük proseslərinin bütün praktiki tərəfləri tədris olunduğuna görə, gömrük əməliyyatlarını tam yerinə yetirə bilən mütəxəssis hazırlanacaq."