Avqustun 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qonaqları salamlayan Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, dövlətlərimizin başçılarının dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişafını müəyyənləşdirir.
Bölgədəki hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Zakir Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil, bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Zakir Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi, Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.
Səmimi görüşə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən Rusiyanın Müdafiə naziri Ermənistan ilə sərhəddə baş vermiş son döyüş toqquşmaları zamanı şəhid olmuş Azərbaycan hərbi qulluqçularının ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Ordu generalı Sergey Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasında genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan inşaat materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.
Tərəflər, həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.