Sarımsaq istehsalının əsas hissəsi Aran zonasının payına düşür
Oktyabr ayı bəzi kənd təsərrüfatı məhsulları kimi sarımsağın da yığım mövsümüdür. Məhsulun daha çox soyuq aylarda istehlak olunması bu mövsümdə virusların aktivləşməsi ilə izah olunur. Sarımsaq digər antioksidant maddələrlə zəngin bitki olaraq nəinki virus mənşəli xəstəliklərin, hətta xərçəng xəstəliyinin yaranma riskini əngəlləyir. Mütəxəssislər bildirir ki, spirtli içki qəbul edənlər və siqaret çəkənlərin daha çox antioksidant maddələrə ehtiyacı var.
Çünki spirt və siqaret orqanizmi zəhərləyərək zəiflədir, immun sistemini məhv edir. Antioksidantın bol olması ən azından bu birləşmələrin zərərli təsirinin qarşısını alır, dəri hüceyrələrini məhv etməsini və zədələməsini əngəlləyir. Odur ki, hər gün 1-2 diş sarımsaq yemək immuniteti gücləndirər. Amma bu qiymətli neməti qoxusuna görə heçkəs sevmir. Sevənlər isə keyfiyyətli məhsul tapmaqda çətinlik çəkir. Keyfiyyəti yerli istehsaldan geri qalan xarici məhsulların bazarda çoxluğu istehlakçıları seçim qarşısında qoyur. Əmtəə görünüşü və dadı ilə yerli sarımsağı xarici məhsuldan ayırd etmək mümkün olsa da, qiymət baxımından bunu demək çətindir. İqlim şəraiti və coğrafi məkan baxımından Azərbaycan sarımsaq istehsalı üçün əlverişli olsa da, xaricdən məhsul idxalı sual doğurmaya bilmir.
Sarımsaqda “Çin işi”
Qeyd edək ki, hazırda analoji məsələ qonşu Türkiyədə də gündəmdədir. Türkiyə Əkinçilik Odaları Birliyindən bildiriblər ki, hətta il ərzində 79 min 433 ton quru sarımsaq istehsalı belə, bu ölkənin tələbatını ödəmir. Odur ki, qardaş ölkədə də sarımsaq Çindən idxal olunur. Burada son 10 ildə 28,83 min ton olan sarımsaq idxalının 92 faizinin Çindən gətirildiyi bildirilir.
Azərbaycanda sarımsaq istehsalçısının ən böyük problemləri arasında qiymət sabitliyinin bərqərar olmaması göstərilir. Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov sarımsağın xaricdən gətirilməsini belə izah etdi: “Azərbaycanda sarımsağın istehsalı aşağı düşüb. Çünki bu məhsulun zərərvericiləri, xəstəlikləri ilə vaxtlı-vaxtında mübarizə aparılmır, düzgün saxlanma şəraiti yoxdur. Aprel, may, iyun aylarında əsasən yerli məhsul olaraq göy sarımsaqdan istifadə olunur. Lakin Azərbaycana baş sarımsaq əsasən Çindən gətirilir”.
20 min ton istehsal
Ölkədə istehsal olunan sarımsağın miqdarına gəlincə, bunun təxminən 20 min ton olduğu bildirilir ki, rəsmi dairələrdən də həmin miqdarın tələbatı ödədiyini deyirlər. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, sarımsaq yığımına yeni başlandığı üçün bu il ölkədə istehsal olunan məhsulun miqdarı bəlli olmasa da, 2013-cü ildə ölkə üzrə 20705 ton sarımsaq istehsal olunub. Bu isə ötən illərlə müqayisədə azalma deməkdir. Qeyd edək ki, sonuncu dəfə 2006-cı ildə 23861 ton sarımsaq istehsal olunub. Həmin ildən etibarən ölkədə sarımsaq istehsalı azalmaya doğru gedib. Ölkədə sonuncu dəfə istehsal olunan 20705 məhsulun 1032 tonu Naxçıvan Muxtar Respublikasının, 13 tonu Bakı şəhərinin, 8 tonu Abşeron iqtisadi rayonunun, 756 tonu Gəncə-Qazax, 2460 tonu Şəki-Zaqatala, 2909 tonu Lənkəran, 2321 tonu Quba-Xaçmaz, 8403 tonu Aran, 196 tonu Yuxarı Qarabağ, 2607 tonu Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşür. Beləliklə, ölkənin sarımsaq istehsalının əsas hissəsinin Aran zonasının payına düşdüyü məlum olur. Son illər sarımsaq istehsalının artdığı bölgələr siyahısına da Aran bölgəsi liderlik edir.
Sarımsağın adambaşına olan istehlakına gəlincə, komitədən bunun təxmini hesablamalara əsasən müəyyən olunduğunu dedilər. Yəni ölkədə kimin nə qədər sarımsaq istehlak etməsinin konkret statistikası aparılmır.
Qeyd edək ki, Azərbaycan sarımsaq istehlak edən ölkələr sırasında ən aşağı yerlərdə durur. Baxmayaraq ki, sarımsaq faydalılığına görə 10 tərəvəzin yer aldığı siyahıdadır.
Yerli sarımsaq daha faydalıdır
Kükürd, fosfor və selenium baxımından zəngin Azərbaycan torpaqlarında keyfiyyətli sarımsaq yetişdirmək üçün əlverişli olduğu bildirilir. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasından da təsdiq edirlər. Qurumdan yerli və xaricdən ölkəmizə gətirilən sarımsaq məhsulunun müqayisəli yoxlamasını apardıqdan sonra bu qənaətə gəldiklərini deyirlər. Laboratoriyadan bildirdilər ki, yoxlamanın nəticələrinə əsasən, Azərbaycanda və Çində becərilən sarımsaqlarda insan orqanizmi üçün təhlükəli heç nə aşkarlanmayıb. Amma ümumi dadına və qoxusuna, təsiretmə xüsusiyyətinə görə, yerli sarımsağın Çindən gətirilən məhsuldan daha üstün olduğu aşkarlanıb.
Belə olan təqdirdə Çin sarımsağının bazarlara ayaq açması maraq doğurmaya bilmir. Dövlət Statistika Komitəsindən bildirirlər ki, Cinlə ticarət dövriyyəsi ötən il 815 milyon 625 manat təşkil edib. 070320 kodu ilə ölkəyə idxal edilən 382, 9 ton sarımsağın idxalı 117 min 500 manat təşkil edib.
Yeri gəlmişkən, bəzi tibb mütəxəssislərinin fikrincə, insan doğulduğu coğrafiyada 300-700 kilometr radiusa daxil olan ərazinin meyvə-tərəvəzindən qidalanmalıdır.
“Sarımsağın gətirilməsində məhdudiyyət yoxdur”
Kənd Təsərrüfatı Nazirliyindən də sarımsağa olan tələbatın yerli məhsullar hesabına tam ödənildiyini deyirlər. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev il ərzində ölkəyə idxal olunan sarımsağın həcmi barədə məlumat verməsə də, bunun o qədər də çox olmadığını dedi: “Sarımsaq əsasən aran rayonlarında becərilir. Ölkəyə idxal olunan məhsula isə maneə yaratmaq səlahiyyətimiz yoxdur, Azərbaycan aqrar sahədə 80-dən çox ölkə ilə idxal-ixrac əməliyyatı aparır. Ona görə də digər məhsullar kimi sarımsağın da ölkəyə gətiriliməsində məhdudiyyət yoxdur”.
Qeyd edək ki, hazırda bölgələr üzrə Naxçıvan Muxtar Respublikasında sarımsaq istehsalı genişləndirilib. Muxtar Respublikanın İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, bu il iyulun 1-dən sentyabrın 25-dək soyuducu anbarlara 4,32 ton sarımsaq tədarük olunub. Qurumdan bunun ötən illə müqayisədə iki dəfə artıq olduğunu dedilər. Belə ki, ötən il istehsalçılar tərəfindən 2,5 ton sarımsaq tədarük olunub.
Dünyanın sarımsaq istehsalçıları
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd təsərrüfatı Təşkilatının rəqəmlərinə görə, 2011-ci ildə 23,76 milyon ton sarımsaq istehsal olunub. Dünya sarımsaq istehsalının yüzdə 81 faizinə isə 19,23 milyon tonla Çin sahiblik edir. Çindən sonra təxminən bir milyon ton istehsalla Hindistan ikinci 295 min ton istehsalla Misir üçüncü sırada dayanır. Dünya sarımsaq istehsalında 233 min ton istehsalla Rusiya 4-cü, 212 min ton istehsalla Myanma 5-ci sırada iştirak edir. Türkiyə isə 79,4 min tonla 14-cü sıradadır.
Naibə Qurbanova