7 Oktyabr 2020 07:24
2 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Abbas Bağırov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Abbas bəy, cəbhə bölgəsində baş verən hadisələri necə dəyərləndirirsiniz?

- Bizim ordumuzun böyük gücü var və öz haqlı sözünü deyir. Ermənilərsə beynəlxalq hüquqa məhəl qoymayan, hər cür qeyri-insani əmələ əl atan, terrordan, separatçılıqdan çəkinməyən bir dövlətə sahibdirlər.

Mən hazırda ailəmlə Gəncədə yaşayıram, mərmilərin düşən anı gördüm, onun şahidi oldum. Onlar düşmən deyillər, düşmən də demək olmur. Bilmirəm onlara nə ad vermək olar? Dinc əhaliyə atəş açmaq vəhşilikdir. Cəbhə bölgəsində əsgərlərimizlə bacara bilmirlər, hərbi hissələrini, silahlarını qoyub qaçırlar. Onlar orduda əsgərlərin qaçmaması üçün onları zəncirləyirlər. Əsgərlər hətta öz aralarında əlbəyaxa dava edirlər.

Mən xalqımızla, əsgərlərimizlə və onların göstərdikləri igidliklərlə qürur duyuram. Bu gün hamımız biri-birimizə dayaq durmalıyıq. Mən əminəm ki, biz işğal altında olan torpaqlarımızı son qarışına qədər qaytaracağıq.

- Düşmən Gəncədə təxribat törədir. Sakinlərin əhvalı necədir?

- Üç gündür erməni tərəfi Gəncədə təxribat törədir. 34 saylı məktəbin yaxınlığına, Təzə Bazar deyilən məkana mərmi atdılar. Xəsarət alanlar da var. Onlar dinc əhalidir,sakit həyat yaşayan insanlardırlar. Ermənilər səngərdə əsgərlərimizlə bacara bilmirlər, dinc əhalini atəşə tuturlar. Belə namərdlik yer üzündə yoxdur.

Gəncə şəhərini bir neçə dəfə raketdən atəşə tutdular. Mingəçevirə, Ağcabədiyə, başqa rayonlarımıza da raket atdılar. Bununla belə, insanlarda əhval-ruhiyyə əladır, hər kəs öz işində-gücündədir. Gəncə elə bir şəhərdir ki, onun sakinləri düşmən atan mərmidən qorxmurlar.

Biz arxayınıq ki, ordumuz, əsgərlərimiz atəşin qarşısını alır və onların cavabını verirlər. Ermənilərin bu dəqiqə çalışdıqları nədir? Dinc əhaliyə işğal olunmuş ərazilərdən yox, Ermənistandan raket atırlar. İstəyirlər ki, biz də Ermənistana cavab atəşi açaq. Amma Azərbaycan ağıllı mübarizə aparır. Öz torpaqlarını qoruyur, öz torpaqlarında mübarizə aparır. Ermənistan hələ bunu dərk etmək istəmir ki, məğlub olub.

- Qardaş Türkiyənin Azərbaycana yardımını necə dəyərləndirirsiniz?

- Bizim türklərlə əsrlər boyu qardaşlıq münasibətimiz var. Dilimiz, adət-ənənələrimizin eynidir. Biz bir-birinimizə təmənnasız yardım edirik, çünki qardaşıq. Bundan sonra da övladlarımıza deməliyik ki, türk bizim qardaşımızdır. Bunu uşaqlarımız kiçik yaşlarından bilməlidirlər.

Mən çox sevinirəm ki, bizim Türkiyə kimi qardaş ölkəmiz var. Neçə illərdir, Türkiyəyə gedib-gəlirəm. Azərbaycanlı adını eşidəndə hər kəsin üzündə təbbəsüm görürəm.

Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəmizlə bağlı mövqeyi də bizi çox sevindirir. Eləcə də Pakistanın və bir neçə ölkənin bizə münasibəti xoş təsir bağışlayır. Məni bu dəqiqə narahat edən məsələ səngərdə vuruşan əsgərlərimizdir. Onların yolunu gözləyən analarımızdır.

- Bir neçə məşhur Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərirlər. Sizin belə bir fikriniz varmı?

- Açığını deyim ki, bu haqda mediada heç vaxt danışmıram. Nəinki mən, vəzifəsindən asılı olmayaraq hər kəs orduya dəstək olmağa hazırdır.

- Könüllü orduya yazılmısınızmı?

- Əlbəttə, yazılmışam. Yalnız mən yox, torpağını sevən bütün insanlar bunu edirlər. Onu da deyim ki, mübarizə yalnız səngərdə deyil, sosial şəbəkələrdə informasiya müharibəsi də gedir. Bilmədiyimiz informasiyanı paylaşmayaq və yalnız rəsmi saytlara inanmalıyıq. Məntiqlə hərəkət etməliyik. Qələbə bizimlədir!


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər