2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün ümumilikdə 2091 elektron müraciət daxil olub.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, elektron müraciətin nəticəsi və müsahibə mərhələsinə dəvət barədə məlumat oktyabrın 15-dək namizədlərin "Şəxsi kabineti"ndə mərhələli qaydada yerləşdiriləcək.
Növbəti həftədən müsahibələrin təşkili, yekun nəticələrin isə oktyabrın sonunadək elan edilməsi nəzərdə tutulur. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri barədə həm "Şəxsi kabinet", həm də telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı namizədin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq.
Ümumtəhsil fənn müəllimlərinin seçimi Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları üzrə topladıqları bal əsasında aparılır və vakant yerlərə seçilmiş namizədlər haqqında məlumat "'Şəxsi kabinet"ə yüklənir. Namizədlər şəxsi kabinetlərini izləyərək nəticələri ilə tanış ola bilərlər. Seçilmiş namizədlərlə telefon vasitəsilə də əlaqə saxlanılacaq. İxtisas müəllimləri və istehsalat təlimi ustaları üzrə müsahibə mərhələsinə keçmiş namizədlər haqqında məlumat isə mərhələli şəkildə "Şəxsi kabinet"ə yerləşdirilir.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.