İqtisad Universitetinin rektoru professorlarla müzakirə açdı
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru ali təhsil ocağının professor heyəti ilə ADİU-nun imicinin yüksəldilməsi, təhsilin keyfiyyətinin artırılması məsələsini müzakirə edib.
ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Teleqarf.com-a verilən xəbərə görə, müzakirə zamanı rektor bildirib ki, müəllim adı müqəddəs olduğuna görə, onların əməyinə yüksək qiymət verilməsi üçün müəllimlərin əmək haqları differensiallaşdırılaraq mütəmadi olaraq artırılacaq. Bunun üçün də kadr potensialının keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub.
Görüşdə bir sıra aktual məsələlərə toxunulub. Xüsusilə tədris prosesində yeni innovativ metodlardan istifadəyə diqqət çəkilib. Tədrisin keyfiyyətinin artırılması məqsədilə, Boloniya sisteminin tələblərinə əsasən, gələn ildən müəllimlərin tələbələr tərəfindən seçiləcəyi bildirilib.
Professorlar ADİU-da tətbiq olunan yenilikləri müsbət dəyərləndirərək təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflər irəli sürüblər.
Görüşdə bildirilib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kimi professor-müəllim arasında stimullaşdırıcı proseslərin daha da artırılması və keyfiyyətli təhsilin təmin edilməsi qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində 78 professor pedaqoji fəaliyyətlə məşğuldur.
SEVİL