Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun bu gündən etibarən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılaraq epidemiya ilə mübarizə tədbirləri daha da gücləndirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə paytaxtın bütün rayonlarını əhatə edən birgə reydlər keçirilir.
Reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə birinci növbədə vətəndaşlarin qoruyucu maskalardan istifadə etmələrinə riayət etmələri, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır.
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı yerindəcə cərimə tədbirləri tətbiq olunur.
Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.
Bir daha bütün vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.