Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən xüsusi qayğıya ehtiyac duyan uşaqlara sosial xidmətlərin göstərilməsi istiqamətində cari ilin ötən dövründə də müxtəlif layihələr icra olunub.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, layihələr çərçivəsində respublikanın 11 rayonunda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax Bərdə) günərzi qayğı mərkəzləri və Bakı şəhərində, Zaqatala, Biləsuvar, Cəlilabad, Şəmkir rayonlarında icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb.
Həmçinin Bakıda sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası üçün il ərzində 350-500 uşağa xidmət göstərən 2 sığınacaq, 50 nəfər daun sindromlu uşağa xidmət göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəz, Şəki şəhərində 50 nəfər əqli geriliyi olan uşağa xidmət göstərən psixo-sosial dəstək mərkəzi, Bakı və Gəncə şəhərlərində ümumilikdə 100 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb. Ötən il icra edilməyən layihələr işə salınmaqla, Bakı şəhərində 50 nəfər uşağa sosial xidmət göstərən 2 autizm mərkəzinin, görmə qabiliyyəti zəif olan uşaqlar üçün informasiya mərkəzlərinin, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi proqramlarla idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım edən mərkəzin, ailə tipli kiçik qrup evinin yaradılması təmin edilib. Bununla yanaşı, Şabran, Quba, Xızı və Siyəzən rayonlarında 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası məqsədilə 100 nəfər uşağı əhatə edən layihə icra olunur.
Layihələr çərçivəsində 117 nəfər sağlamlıq imkanlar məhdud uşaq valideynləri ilə birlikdə Litvada reabilitasiya kursu keçib, belə uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara qarşı ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyaları aparılıb. Sosial sifarişləri icra edən təşkilatların müstəqil monitorinqinin aparılması üçün də ayrıca layihə həyata keçirilir.
Naibə QURBANOVA