Dövlət Gömrük Komitəsi narkotik vasitələrin tərkibində heroinin xüsusi çəkisinin artmasından narahatdır
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin böyük inspektoru Azad Vəliyev Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası "Narkotiklərlə mübarizədə Azərbaycan "Gömrük qalxanı"nın rolu" başlıqlı hesabat xarakterli məqalə hazırlayıb. Məqalədə bildirilib ki, Azərbaycanın gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən "ötürücü məntəqə" kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində bu ilin ilk 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 120 fakt aşkar olunub.
Bu faktlar üzrə 151 kq-dan çox narkotik maddə, o cümlədən 75 kq 717 qr heroin, 30 kq 655 həşiş, 29 kq 615 qr tiryək, 15 kq marixuana və digər narkotik maddələr qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli bilinən şəxslərdən 123 nəfəri kişi və 22 nəfəri qadın olmaqla, ümumilikdə 145 nəfər barəsində müvafiq tədbirlər görülüb. Saxlanılan şəxslər arasında 112 nəfər Azərbaycan vətəndaşı və 35 nəfər xarici vətəndaşlar olub. Saxlanılan xarici ölkə vətəndaşlarından 28 nəfəri İran İslam Respublikası, 3 nəfəri Rusiya Federasiyası, 3 nəfəri Gürcüstan Respublikası və 1 nəfəri Türkiyə Respublikası vətəndaşlarıdır. Bununla yanaşı, öncəki illər ərzində gömrük orqanları tərəfindən bir sıra iri narkoqaçaqmalçılıq kanalları aşkarlanıb və ləğv edilib.
Məqalədə qeyd edilir ki, xüsusi narahatçılıq doğuran məsələlərdən biri götürülən narkotiklərin içərisində güclü təsirli narkotik olan heroinin xüsusi çəkisinin əvvəlki dövrlə müqayisədə xeyli artmasıdır. Buna bariz nümunə kimi gömrük orqanları tərəfindən 2014-cü ilin mart ayında yalnız bir fakt üzrə 26 kq-dan çox heroinin aşkar edilməsidir: "Bu qədər çox heroinin törədə biləcəyi təhlükənin miqyasını aydın təsəvvür etmək üçün qeyd edək ki, mütəxəssislərin rəyinə görə, 1 kq heroindən 10 min "doza" alınır, 100 qram heroinlə 170 adamı narkotiklərdən asılı vəziyyətə salmaq mümkündür".
Məqalədə Dövlət Gömrük Komitəsinin artan narkotəhlükəyə qarşı mübarizə aparmaq məqsədilə öz potensialını gücləndirmək yolunda atdığı addımlar barədə də məlumat verilib. Misal olaraq beynəlxalq təcrübəni nəzərə almaqla, gömrük nəzarətinin daha səmərəli təşkil edilməsi üçün mobil qruplar və Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzinin yaradıldığı vurğulanıb: "Bu qruplar yüklərin müəyyən olunmuş marşrut üzrə gömrük müşayiətlərinin həyata keçirilməsində və hüquqpozmalarla mübarizə üzrə digər tədbirlərdə aktiv istifadə olunur. Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzi gömrük qanunvericiliyinə əməl olunmaması risklərinin ortaya çıxarılmasında, sərhəd gömrük buraxılış məntəqələrinin ərazilərinə, oradakı iş prosesinə video nəzarətin həyata keçirilməsində və hətta rentgen qurğularından keçirilən mallara nəzarət edilməsində mühüm alətdir. Burada üzərinə GPS qurğuları yerləşdirilmiş nəqliyyat vasitələrinin hərəkət marşrutuna, Xəzər dənizində yerləşən su nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi və digər məlumatların əldə edilməsi mümkündür".
Bununla yanaşı, ölkənin gömrük orqanları iri ölçülü yüklərin yoxlanması üçün mobil və stasionar skaner qurğuları, əl yüklərinin və baqajların yoxlanması üçün "Rapiscan532H", "Heimann" markalı rentgen aparatları və "Olympus" markalı videoskoplarla təchiz edildiyi vurğulanır: "Narkotiklərlə mübarizədə gömrük orqanları tərəfindən görülmüş işlər Azərbaycanın bu ümumbəşəri bəladan qurtulmaq yolunda atdığı mühüm addımların tərkib hissəsidir. Azərbaycan Respublikası gömrük orqanları bundan sonra da bu bəla ilə mübarizə üçün bütün resurslarını sərf edərək qətiyyətli mübarizə aparmağa hazırdır".