21 Oktyabr 2014 18:51
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amsterdam Universitetinə isə etiraz məktubu göndərilib

Azərbaycanın və Türkiyənin diaspor təşkilatları qondarma erməni soyqırımı iddialarının aradan qaldırılması tələbi ilə Almaniyanın Düsseldorf şəhərində etiraz nümayişi keçirib.

Teleqraf.com xəbər verir ki, nümayişçilər Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətindəki orta məktəb dərsliklərinə 1915-ci il hadisələri ilə bağlı təhrif olunmuş, qərəzli, Türkiyənin beynəlxalq nüfuzuna zərər gətirən ifadələrin yer aldığı məlumatların yerləşdirilməsinə etiraz ediblər.

“Bizə qulaq asın!” şüarı ilə Almaniyanın dövlət və hökumət orqanlarından, o cümlədən vilayətin parlamentindən tələb irəli sürən etirazçılar Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandıraraq birlik nümayiş etdiriblər. Nümayişdə Almaniya tərəfinin qondarma “erməni soyqırımı” iddialarına qarşı tədbir görməsi tələbi ilə 8 min imza toplanıb.

Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Niderland Krallığında fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları isə hazırda ABŞ-da yaşayan Bakı ermənisi Anna Astvatsaturyanın 90-cı illərdə Bakı və Sumqayıtda baş vermiş hadisələr haqqında Azərbaycan əleyhinə yazdığı kitabın Amsterdam Azad Universitetində keçirilən təqdimat mərasimi ilə əlaqədar etiraz məktubu göndərib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda 1990-cı ildə Bakı və Sumqayıtda törədilmiş iğtişaşların məhz ermənilər tərəfindən təşkil olunduğunun artıq sübuta yetirildiyi, hazırda Azərbaycanda 30 mindən artıq erməninin yaşadığı bildirilir: “Bir çox millətlərin uzun illər boyunca dostluq şəraitində yaşadığı Azərbaycanın tolerant ölkə olması faktı ilə barışa bilməyən ermənilər böhtan atmaq kimi iyrənc əməllərinə son qoymurlar”.

Məktubda daha sonra bildirilir ki, Azərbaycanın tolerant ölkə olmasını Bakıdakı erməni kilsəsinin mövcudluğu da sübut edir. “Etnik təmizləmə siyasəti aparan Ermənistanda isə bir azərbaycanlı belə qalmayıb. Bu və bu kimi digər faktlar hələ də dünya ictimaiyyətindən gizlədilir”.

Kitabın təqdimatında BAK-ın üzvü olan gənclər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər. Hollandiya Erməni Komitəsi və Erməni Gənclər Təşkilatı tərəfindən təşkil olunmuş tədbirin sonunda Beniluks Azərbaycanlıları Konqresinin gəncləri A.Astvatsaturyana ermənilərin Dağlıq Qarabağda və Xocalıda törətdiyi vəhşiliklər haqqında suallar verib, fakt və dəlilləri diqqətə çatdırıblar.

Bundan əlavə, Amsterdam Azad Universitetinin rəhbərliyinə, kitabın müəllifi A.Astvatsaturyana Benilüks Azərbaycanlıları Konqresi və Hollandiyada fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları tərəfindən rəsmi etiraz məktubları göndərilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər