Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin cari ilin III rübündəki fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
Teleqraf.com-un məlumatına görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü il ərzində qurumun ümumilikdə 391 QHT ilə müqavilə imzaladığını, onlardan 366-nın milli, 25-nin isə xarici təşkilat olduğunu deyib.
O, Şuranın QHT-lər üçün müxtəlif regionlarda “səmərəli idarəetmə” mövzusunda keçirdiyi təlimlərin nəticələrini verdiyini və artıq layihələrin istər təşkili səviyyəsinin, istərsə də hesabatların hazırlanmasının peşəkarlıq səviyyəsinin artdığını vurğulayıb. Şuranın informasiya resursları olan “Vətəndaş cəmiyyəti” jurnalında 2014-cü ilin son iki rübü ərzində 300-dən çox QHT layihəsinin işıqlandırıldığı, qhtxeber.az saytında isə qurumun 60-a qədər məlumatının yayımlandığı qeyd edilib.
Həmçinin Şuranın xarici QHT-lər üçün beş mövzu üzrə iki qrant müsabiqəsi elan etdiyi, ilk dəfə olaraq xarici QHT-lər üçün açıq qrant müsabiqəsi elan olunduğu, Şuranın dəstəyi ilə Qarabağ mövzusunda milli QHT-lər tərəfindən 2014-cü ildə 11 ölkədə 36 Qarabağ guşəsi yaradıldığı, 46 tədbir keçirildiyi, 13 sayt hazırlandığı, ingilis dilində 1 film çəkildiyi və 10 kitab nəşr olunduğu diqqətə çatdırılıb. İclasda ölkənin regionlarındakı təlim və resurs mərkəzlərinin sayının artırılması və növbəti müsabiqələrdə belə tədbirlərin öncədən müvafiq qurumlarla razılaşdırılması təklif edilib.
Layihələrin icrasında kobud pozuntulara yol verən QHT-lərin siyahısının hazırlanması, onlar barədə müvafiq tədbirlərin görülməsi, layihələrin icrasının peşəkarlıq dərəcəsinin artırılması üçün QHT-lərə hesabatların yazılışı, piar işinin təşkili ilə əlaqədar təlimlərin keçirilməsi və s. məsələlər də diqqət mərkəzində olub.
Şuranın sədri Azay Quliyev qurumun həyata keçirdiyi işlər nəticəsində QHT-lərin institusional inkişafı istiqamətində xeyli irəliləyişə nail olunduğunu və milli maraqlarımızın müdafiəsi ilə bağlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib.