26 Yanvar 2021 13:01
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVİD-19 peyvəndləri onun istehsal və təchizatilə məşğul olan şirkətlərin əlində “bahalı” silaha çevrilir. Avropa Birliyi (AB) yetkin əhalinin 70 faizinin peyvənd edilmə planını yay aylarına qədər ləğv etdi. Bunda sonra Avropa Komissiyasının sədri Çarlez Mikel şirkətləri ciddi tənqid edərək qanuni tədbirlər görəcəklərini açıqladı. İtaliya Baş naziri G.Konte isə bunu “ölümcül müqavilə pozuntuları” kimi təqdim etdi.

Teleqraf.com xatırladır ki, ötən ilin dekabr ayında Çinin Uhan şəhərindən dünyaya yayılan koronavirusa yoluxanların sayı artıq 100 milyonu keçib.

2 milyondan çox insanın həyatına son qoyan pandemiyadan xilas olmaq üçün bütün ümidlər peyvəndlərin istehsal olunmasına yönəldi.

Amma Qərb ölkələri bu il üçün istehsal olunan peyvəndlərin böyük əksəriyyətini öncül strategiya ilə ələ keçirsələr də, əczaçılıq şirkətləri birtərəfli formada hədsiz qiymət və istehsal siyasəti ilə fərqlənirlər. Artıq bu şirkətlərin peyvəndlərini həddən artıq baha qiymətə satmasına dair faktlar var. Faktiki dərman şirkətləri yeni qiymət siyasəti ilə ortaya çıxırlar. Buna bir səbəb də Qərb ölkələrinin bu il üçün istehsal olunan peyvəndlərin əsas hissəsinə əl qoyması və bunun dərman bazarında yaratdığı əks-reaksiyalardır.

Xüsusilə, Avropa Birliyi (AB) ölkələri ilə əczaçılıq şirkətləri arasında müşahidə olunan gərginlik “Peyvənd müharibələrini” gündəmə gətirib.

Fransanın Pastor İnstitutunun koronavirus peyvəndi istehsalı üçün apardığı işləri dayandırmasını elan etməsi peyvənd çatışmazlığı yaşayan AB-yə böyük zərbə oldu.

AB istehsalçılardan COVİD-19 peyvəndi ilə təmin edilmələri ilə bağlı imzalanan razılaşmalara əməl etmələrini istədi. Avropa Komissiyasının sədri Çarlez Mikel “Pfizer”i hədəfə alaraq “Masaya yumruğumuzu vurduq” ifadəsini işlədib.

İtaliya Baş naziri G.Konte peyvənd istehsal edən şirkətləri tənqid edərək gecikməni “ölümcül razılaşmaların pozulması” elan edib. Baş nazir bu gecikmənin İtaliya və digər AB ölkələri üçün böyük ziyanlara səbəb olduğunu qeyd edib.

Gələn həftə AB-də peyvəndlənmə strategiyası ilə bağlı keçiriləcək toplantıda bu gecikmə məsələsi də müzakirə ediləcək. Hazırda Avropa dövlətlərinin təhdidlərinə baxmayaraq Amerikanın “Moderna” şirkəti ötən gün Polşaya çatdırılmalı olan peyvəndləri birtərəfli formada dayandırdığını elan edib. Polşa Baş nazirinin sözçüsü Mixail Dvorczyk təəssüflə bildirib ki, ölkəyə gəlməli olan peyvəndlərin çatdırılma tarixində dəyişiklik olub. Bununla paralel olaraq Polşa mediası hökumətin AB anlaşması xaricində alternativ peyvənd firmaları ilə danışıqlar apardığını qeyd edib. Bundan əvvəl isə Macarıstan Rusiya və Çin peyvəndlərini alacağını elan edib.

AB ölkələrinə peyvənd tədarükü problemi yaradan dərman şirkətlərinin başqa ölkələrə bu peyvəndləri həddən artıq baha satdığı qeyd edilir. “Qardian” qəzetinin hesabatına görə, Cənubi Afrika peyvənd üçün Avropa ölkələrinin dediyi qiymətin iki qatını ödəməyi təklif edib. Başqa sözlə, Avropa ölkələri 2,16 dollara peyvənd dozası alarkən, bu qiymət Cənubi Afrikaya 5,25 dollara başa gəlib.

Peyvən prosesində sürətli irəliləyiş əldə edən İsrailin də yüksək qiymətə peyvəndlər aldığı ortaya çıxıb.

Londondakı "Oxfam" beynəlxalq humanitar yardım təşkilatının yaydığı hesabata görə, pandemiya dövründə dünyada iqtisadi bərabərsizlik daha da artıb. Hesabata görə, dünyanın ən varlı 10 zənginin 9 aylıq sərvət artımı ilə bütün dünya əhalisinin peyvəndlənməsi mümkündür.

Qeyd edilib ki, dünyanın ən zəngin 10 adamının sərvəti pandemiya dövründə 540 milyard dollar artıb. Bu isə dünya əhalisinin peyvəndlənməsi və pandemiya dövründə kasıb yaşamaması üçün kifayət edən məbləğdir.


Müəllif: Nemət