30 Yanvar 2021 18:50
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 30-da Milli Məclisin Gənclər və İdman Komitəsində bir qrup gənc idmançı və məşqçilərlə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, artıq ənənə halını almış və Gənclər günü münasibəti ilə keçirilmiş görüşdə idmançıların həyat və fəaliyyətləri, pandemiya şəraitində keçirilən məşqlər, qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması, bir sıra digər məsələlər müzakirə olunub.

Görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Son illər Azərbaycan bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib. Bu gün idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək uğurlar əldə edirlər.

Söhbət zamanı Sədr müavini ölkəmizin Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin dünyanın idman meydançalarında da uğurla davam etdiriləcəyinə, işğaldan azad edilmiş Şuşamızda, Laçınımızda və digər ərazilərimizdə dalğalanan üçrəngli Şanlı bayrağımızın idman sahəsindəki qələbələr münasibəti ilə də ucaldılacağına əminliyini bildirib. Görüşdə iştirak edən idmançılarımız qarşıda duran yarışlar, pandemiya dövrünün yaratdığı çətinliklərdən danışıblar. Dövlət tərəfindən onlar üçün yaradılmış şəraiti, göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Tədbirin sonunda Milli Məclisin Gənclər və İdman Komitəsi tərəfindən “2 Fevral Gənclər Günü” münasibətilə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən gənc idmançılar, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və Azərbaycanda idmanın inkişafında göstərdiyi xidmətlərə görə məşqçi müəllimlər “Fəxri Fərman”la təltif edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər