Bu gün Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 137-ci doğum günüdür. Teleqraf.com Rəsulzadənin “İlk məqalə” başlıqlı xatirəsini təqdim edir:
***
İlk məqalə
1903-cü il idi. Rus-Yapon müharibəsi dövrü idi. Dövrü idi deməyimizdəki məqsəd, bilavasitə, hərb deyil, onun mühitimizdə oyandırdığı əksləridir.
(Yaxın Şərqin siyasi oyanış dövrü ilə tarixin bu böyük hadisəsi arasında mənəvi dərin bir əlaqənin varlığı məlumdur).
Bu ərəfələrdə Tiflisdə Məhəmməd ağa Şahtaxtlının “Şərqi-Rus” adında gündəlik qəzeti nəşr olunurdu. Bu, 1875-ci ildə çıxan Həsən bəy Zərdablının “Əkinçi”sindən sonra, demək olar ki, Azərbaycanın türkcə ilk qəzeti idi. “Şərqi-Rus”u böyük diqqət və maraqla oxuyurdum. Sadəcə oxumaq deyil, bu qəzetə yazı yazmaq arzusunu da ürəyimdə bəsləyirdim.
Hələ məktəb sırasında və məqalə yazmağı ömrümdə təcrübə etməmiş ikən mənə bu arzunu duymaq cəsarəti birbaşa qəzetin özündən gəlirdi. “Şərqi-Rus”un bir çox məqaləsi idarəyə göndərilən məktublardan ibarətdi. Bu məktub-məqalələrin mənim kimi həvəskarlar tərəfindən yazıldığını görür, ara-sıra idarə tərəfindən bu məktublara əlavə olunan təşviqedici təqdirlərdən hərəkətə gəlirdim.
Bir gün özümə hakim ola bilmədim. Həmin günün dəqiq hansı gün olduğunu indi müəyyən edə bilmərəm. Hər halda bu, 1903-cü ilin ya bahar, ya da son bahar günlərindən biri idi.
Ya ilk, ya da son bahar!...
Bunda tərəddüdüm yoxdur. Dəlilim bəhs etdiyim məqalənin mövzusudur. Bakının o zamankı alışqanlığına görə, monden (bir toplumda yüksək gəliri olan, əyləncəli həyat tərzi keçirən təbəqə - D.Ə) gəncliyi millət fərqi olmadan ilıq mövsümlərdə hər axşamüstü Qubernator bağı adlanan şəhər parkının xiyabanlarında gəzişərdilər.
“Şərqi-Rus”a göndərdiyim ilk məktubun mövzusu bu gəzintilərdən birinə aiddi.
İçərişəhərin milli hakimiyyət çağlarından qalan köhnə surlarının dibindəki xiyabanı aşağı-yuxarı ayaq sürtərək gəzən kişili-qadınlı seyrçilər arasında yerlilərdən bəzi tanışlarımın, bir sözlə, tanıdığım məktəbli azərbaycanlıların, o zamankı təbirlə müsəlmanların öz aralarında ana dilləri olan türkcə deyil, rusca danışmaları tərəfimdən tənqid olunur, pis ruscalarını daha yaxşı bilmələri gərəkli olan ana dillərinə dəyişmələri eyiblənirdi.
Qəzetinin adını “Şərqi-Rus” qoyan Məhəmməd ağanın bu məktubu necə tələqqi edəcəyi, əlbəttə ki, maraqlı idi. Lakin o zaman məni ən çox maraqlandıran bu deyil, ümumiyyətlə, yazımın bir yazı olaraq qəbul edilib-edilməyəcəyi idi.
Tiflis poçtunu böyük maraqla gözləyirdim. Nəhayət, gözüm böyük sevinclə “Bakıdan məktub” başlığına ilişdi. Məqaləmiz dərc olunmuşdu. Təkcə dərc edilməmiş, üstəlik idarədən təqdir və təşviqə səbəb olmuşdu. Müdir qəzetini təsis edərkən ən çox yüksək təhsil almış münəvvərlərin yardımını ummuş ikən, gözləmədiyi bir yandan gənclərdən və milli münəvvərlərdən hərarətli bir diqqət gördüyünü sevinclə qeyd etdikdən sonra bizim yazını tərifləyir və üzərində dayandığımız mövzunu da xüsusilə təqdir edirdi.
Bu, mənim dərc edilmiş ilk məqaləmdi!...
Buxarest. 01.03.1944