1 Mart 2021 16:24
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un əməkdaşı yazar-jurnalist Mənsur Rəğbətoğlu "Ədalət" qəzetinə müsahibə verib.

Müsahibəni təqdim edirirk:

Nə qədər ki, böyük imtiyazın yoxdur, səni heç vaxt ciddiyə almırlar, sənə heç nəyi yaraşdırmırlar...

- Feysbukda sənə baxanda, profilini izləyəndə Kefli İsgəndər yadıma düşür...

- Kefli İsgəndər demiş, mәn heç bir şeyәm, əgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb bu evi bir saniyәnin içindә havaya uçurub, İsfahan lotusunu kәrpiclәrin altında diri-diri basdırardım. Amma mənim əlimdən belə şey gəlməz. Elə Kefli İsgəndər kimi...

Bilmirəm, başqaları necə, mən də elə... Bu günlərdə hər kəs özü deyib, özü eşidən Kefli İsgəndər kimi görünür. Ümumiyyətlə, həmişə insan özü-özünə danışır, kimsə başqasını dinləmir. Kiminsə sözüdür, xatırlamıram, deyirdi ki, biz dinləmirik, danışmaq üçün növbəmizi gözləyirik. Bu baxımdan, sosial şəbəkələr insanların nə qədər yalnız olduğunu üzə çıxardı. İlk dəfədir ki, insanların əllərinə danışmaq, daha doğrusu yazmaq, başqalarının diqqətini çəkmək üçün bu qədər böyük imkan düşüb. Şans qapıya qədər gəlib.

Amma danışmaq ayrı, yazmaq ayrı. İndi hamı danışmaq əvəzinə yazır, yazdıqlarına gülür, ağlayır, kədərlənir. Çox vaxt da heç nə baş vermir. Çünki onları oxumurlar, dinləmədikləri kimi oxumurlar da. Bir də günün sonunda baxır ki, özü-özünə danışırmış, baxıb ötənlərin arxasınca... Əvvəl içində pıçıldayırsan, sonra yazırsan.

İnsanlar xoşbəxt deyillər, onların belə bir imkanları yoxdur. Hər kəs bir az etirazçıdır, hər kəs biradamlıq üsyanının içində mühasirədədir. Başqa cür mümkün deyil, insanlar öz analarının bətnlərində tərksilah edilərək dünyaya gəlirlər. Öz növlərindən olanlarla mübarizə aparmaq, müharibə etmək üçün... Mənə elə gəlir ki, mübarizə Xeyir və Şər arasında yox, insan və insan arasında gedir.

İnsanlar öz beyinlərinin qaranlıq labirintində dolaşırlar, oradan xilas olmağa çalışılar, axtarış içindədirlər. Amma bu labirintin işıq gələn tərəfləri dalanlara açılır. İnsan axtararaq ölür, tapmadan ölür. Ölənə qədər insanıq, yerləşdiyimiz qəlibdən çıxa bilmirik.

- Amma daxili dünyanı bilməyənlərə o paylaşımlar səni qeyri-ciddi obraz kimi tanıdır.

- İnsan həmişə başqalarını öz beyinlərində istədikləri formalara salırlar. İnsan inandığı qədərdir. İndi mən də kimisinə görə “Kefli İsgəndər”, kimisinə görə ciddi, kimisinə görə qeyri-ciddi ola bilərəm, bunun bir önəmi yoxdur. Əgər bir insanı bir formada tanımağı qarşısına məqsəd qoyubsa, elə də tanıyacaq. Önyarğılar heç vaxt dəyişmir, mən və ya başqası – bunun fərqi yoxdur. Hər kəs başqasının mühakiməsindədir. Mühakimə varsa, məhkəmə də var. Məhkəmələr isə bəraət qazandırmaq yox, təqsirləndirmək üçündür.

Bir də ki, insanların dərdləri boylarını ötür, hər kəs özünə zorla bəs edir. İnsanlar qayğılar içində boğulurlar sanki. Mənim nə yazdığım, nə paylaşdığım onların eyninə də deyil, olmamalıdır da – təbiət heç vaxt öz ahəngini pozmur, qanunauyğunluğunu qoruyur. Nəhayət, həqiqətlərlə rastlaşmaq lazımdır: nə qədər ki, böyük imtiyazın yoxdur, səni heç vaxt ciddiyə almırlar, sənə heç nəyi yaraşdırmırlar...

- Yaşın çox olmasa da illərdir mətbuatdasan. Həm qəzet, həm saytda işləmisən. Hansı fərqləri hiss edirsən: seçim imkanın olsa, bunların hansında və necə olmaq istərdin?

- Hələ uşaqlığımda “jurnalistika” deyəndə həmişə qəzetlər yadıma düşüb. Elə universitetin son kursunda da praktikanı qəzet redaksiyasında keçmişəm, bunu özüm istəmişdim. Qəzetlər daha canayaxın gəlirdi mənə, internet dünyası bir az soyuqdur. Amma həmin dünya qəzetləri “qara dəlik” kimi uddu. Son illərə qədər qəzetlərin son oxucuları yaşlı adamlar idilər. İndi onlar da bu tərəfə üz tutublar.

O gün sosial şəbəkədə Norveçin adını bilmədiyim kiçik bir şəhərində nəşr olunan qəzet haqda bir məlumat oxudum. Demək, qəzetin yazarları bir gün yazmayanda oxucular redaksiyaya məktublar yazıb nə baş verdiyi, niyə yazmadıqları ilə maraqlanırlar. Qəribə gəldi mənə, xoş təəssürat yaratdı. Deyəsən, bizdə heç vaxt belə olmayıb. Bizdə adı-sanı olan qəzetlər gurultu ilə bağlandı, eşidən olmadı. Köşklərdə yerləri görünmədi.

- Ara-sıra sənlə söhbətləşirdik. Ədəbi gəncliyin ən gözəl bədii izahını verəndən biri kimi tanıyıram səni. Amma nədənsə, bu izahlarını heç zaman mətbuatda görmürəm.

- Bu məsələlərə daha çox müsahibələrdə toxunuram. Elə sənin özünlə müsahibələrimizdə də bu haqda danışmışıq. Hər müsahibədə mütləq bu haqda ən azı bir sual verirəm. Mən ədəbi tənqidçi deyiləm axı. Ədəbi mühit haqda onlar daha yaxşı bilərlər, nəinki mən. Buna görə də, bu məsələlər haqda ən yaxşı izah verənlərdən birinin mən olduğumu düşünmürəm.

Yazılan əsərləri oxumağa, yazarlarımızı tanımağa çalışıram. Əksəriyyətinin də yazdığını az-çox oxumuşam. Müəlliflə söhbətim olanda öz təəssüratımı onlara deyirəm.

- Rəssamlıq işini də sınayırsan. Müxtəlif tanınmış şəxslərin portretini də çəkirdin. Hər şeydə bir maraq... Bu qədər maraq özünü tapmamağa görədir, ya?..

- İşim jurnalistika ilə bağlıdır, yazmağım normaldır. Bundan kənarda,ara-sıra məşğul olduğum sahə rəssamlıq idi. “Rəssamlıq” deyəndə, içində iddiası və hədəfi olan böyük bir şey kimi görünür. Boyundan yuxarı hoppanmaq lazım deyil. Uşaqlıqdan bəri həvəskar formada çəkirdim, bununla da hər gün məşğul olmurdum, ara-sıra... Orta məktəbdə oxuyanda, tənəffüslərdə bir dəqiqə belə boş vaxtım olmurdu, az qala məktəbdəki bütün şagirdlərin rəsmlərini mən çəkirdim. Daha doğrusu, onların özləri deyirdilər ki, çəkə bilirəm. Ən azı 3-4 almağa bəs edirdi.

İndiyədək çəkdiklərim böyük əsərlər deyil, sadə karandaşlarla çəkilmiş rəsmlərdir. Belə çəkməyi çoxları bacarır. Yəni, bu ikisindən kənarda başqa bir məşğuliyyətim yoxdur. Müəyyən təkliflər olmuşdu, elə bir hədəfim olsaydı, arxasınca düşərdim, deyərdim ki, özümü axtarırdım, nəhayət tapdım.Amma elə deyil.

“Hər şeydə bir maraq, “Bu qədər maraq…”deyirsən, bu, çox görünür. Başqa birməşğuliyyətimin olduğunu düşünmürəm. Jurnalistika işimdir, digəri də hobbi kimi bir şey. İndi heç o da yoxdur.

Çəkəndə az da olsa, maraq var idi, indi bir xeyli vaxtdır buna da yaxın getmirəm. Yəni, həmin diqqəti əlimdə əsas tutsaydım, o yola çıxardım.

- Müxtəlif sınaqların da olur. Məsələn, ən uzun cümlədən ibarət hekayə yazmaq. Bir cümlədən ibarət hekayəni yazmağa adamı nə vadar edə bilər? Statistik olsa da adının nə zamansa hallanmağına görə?

- Bir neçə il əvvəl yazmışdım. O sınaq, “mən buradayam” çağırışı deyildi. “Müxtəlif sınaqlar...” deyirsən, amma nə ondan əvvəl, nə də ondan sonra sənə də qəribə görünən bu kimi cəhdlərim olub. 65 milyon il əvvəl dinozavrlar yaşayırdı, amma indi yaşamırlar. Təkamül onları sıradan çıxardı, yerini başqalarına verdi. Təkamül onları geridə qoydu. İrəli gedə bilməyəndə də, geriyə qayıtmağa lüzum yoxdur, yerində dur, nə vaxtsa gəlib leşini aparacaqlar.

Yəni, adımın hallanıb-hallanmamağı maraqlı deyil, özündə bilirsən ki, buna cəhd etmirəm. Hə, bu davamlı şəkildə olsaydı, o zaman statistikanı önə çıxarmaq olardı. Statistika məni maraqlandırsaydı, böyük bir tanışlıq – dostluq zənciri qurardım. Bütün imkanları fürsətə çevirərdim. Amma mən həmişə “təkpapkalı adam” olmuşam. İndiyədək jurnalistika fəaliyyətimdə bir çox hadisə baş verib ki, bunun üzərindən səs-küy qaldırardım, amma etmədim, kirimişcə yerimdə oturdum. Nəyimə lazımdır...

Feysbukdakı paylaşımlarından da görə bilərsən ki, hədəfləri olan adam belə etməz. Hədəfləri olan adam barmaqlarının uclarında gəzir - ehtiyatlıdır, səliqəlidir. Mənsə dağınıq adamam. Elə o paylaşımlarıma bax, bunlar arzularından imtina etmiş adamın davranışlarıdır.

- Sən tərəfdən baxanda həyat çox kədərlidi və həyata ayıq baxmaq təhlükəlidir...

- Ən böyük təhlükə insanın öz içində yatır. Onu bu təhlükənin episentrinə insanın qorxuları çəkir. İnsanı bu qorxu idarə edir. Onun yeganə gücü də qorxusudur. Amma insan nə edir-etsin, heç vaxt özünü sübut edə bilmir, bilməyəcək. Buna görə də dağ-daşa dırmaşmağa ehtiyac yoxdur.

Amma sakit dayanmaq da lazım deyil. Çünki külək həmişə sakit dalan üçün təhlükəlidir, harada zibil varsa, gətirib ora doldurur.

Hədəf insanı məhdudlaşdırır, dar qəlibə salır, azadlığını əlindən alır

- “Ədəbiyyatda heç bir iddiam yoxdur” deyirsən. Amma kim iddiasının olmadığını deyirsə, içində ən böyük hədəf yatır. Belə insanları çox görmüşük. İddiası olmayan niyə yazdığını kütləyə çatdırsın? Media, sosial şəbəkə və s.

- Sözlərindən belə çıxır ki, ayaqlarımı uzadıb ölümümü gözləməliyəm, heç nə etməməliyəm. Dedim axı, saytda işləyirəm, bundan gəlir əldə edirəm. Yəni, bu, yaradıcılıq və ya hobbi deyil. Yazdıqlarımı sosial şəbəkədə paylaşmaqdan təbii nə var ki? Bir də ki, bunlar romanlar, hekayələr, povestlər deyil, müsahibələr, informasiyalar, tərcümələrdir. İşimlə bağlı həftədə bir-iki paylaşım edərəm, ya yox. Heç gördüyüm işin onda birini paylaşmıram, inanmırsan, get, bax.

“Ədəbiyyatda iddia” məsələsinə gəldikdə, yenə də deyirəm, belə bir iddiam yoxdur. Axı yazmaq iddia, hədəf məsələsi deyil. Musiqi də belədir, rəssamlıq da belədir, heykəltəraşlıq da belədir. Əgər bir hekayən varsa yazacaqsan, bir nəğmən varsa oxuyacaqsan, nə bilim, mürgüləyirsənsə get yat, oyaq qalma. Yəni, yazmaq üçün sözüm varsa, bunu edirəm, yoxdursa, durub özümü ora-bura vurub söz axtarmıram, özümü zorlamıram. Ya var, ya yoxdu. İnnən belə yazmaya da bilərəm, heç nə dəyişməyəcək.

Təqdir alıb-almamağın da bir mənası yoxdur, əlbəttə, alırsamsa, yaxşıdır, olsun, amma almıramsa da heç nə etmirəm. Əgər yazdığın şey səni sakitləşdirirsə, bu bəsdir. Gündəlik informasiyalar, müsahibələr və açıqlamalar istisna olmaqla, axırıncı dəfə bir köşə, nə bilim bir hekayə nə vaxt yazdığım yadıma gəlmir. Daha doğrusu, yazdıqlarımı dərc etmirəm, yazıram qalır orada, sonra həm yaddaşımdan silinir, həm də yazıldığı yerdən. Yəni, yazdığım adam içinə çıxmadan da məni sakitləşdirə bilir.

Qarşımda bir hədəfim yoxdur, yaza-yaza nəsə olacağamsa, bu başqa məsələ. Yazıçı olmaq həkim, müəllim, nə bilim, zabit olmaq deyil ki, gedib məktəbini oxuyasan. Mən hədəfdən uzağam. Hədəf insanı məhdudlaşdırır, dar qəlibə salır, azadlığını əlindən alır. İnsan tanıdığı yerdə dursa yaxşıdır.

- Müsahibə verdiyini görməmişəm, amma yüzlərlə müsahibə, açıqlama aldığının şahidiyəm. Bu iksində fərqlər nədədir? Daha çox müsahibə verən, ya almaq obrazında olmaq insanın eqosunu təmin edir?

- Az da olsa, müsahibə vermişəm, amma can atmamışam, olanda olur, olmayanda da arzulamıram.Dostlar ara-sıra suallar göndəriblər, cavablandırmışam. Həmin anlarda da özümü “Allahın yanında” hiss etməmişəm.

Bir də elə bir işim var ki, özüm müsahibə alan mövqeyində dayanmışam. Yazdığın müsahibə gördüyün işin nəticəsidir, təmin edilmiş eqonun yox.

Müəyyən zamandır bu işdəyəm, nə qədər müsahibə aldığımı bilmirəm. Müsahibə almaq bir insanın eqosunu niyə təmin etməlidir? Bunu anlamıram. İşə yeni başlayanda bu məni sevindirirdi, amma vaxt ötdükcə adiləşdi.

- Kitab barəsində düşünmürsən?

- Bir gün yazmağa çox sözüm, danışmağa hekayələrim olarsa, bunu edəcəyəm. Yaza bilsəm, sözlərim bir kitab qədər olsa, o formaya salmaq olar. Hələ heç nə məlum deyil. İnsan axıra qədə nə istədiyini bilmir.

Söhbətləşdi: Emin Piri


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər