Koronavirus infeksiyasının yayılmasını minimuma endirmək məqsədilə, Azərbaycana gələn bütün sərnişinlər təyyarəyə minməzdən əvvəl COVID-19 üçün PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Hava Yolları QSC yaydığı məlumatda deyilir. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir.
Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir.
COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.