İstənilən adamın ağlına intihar fikri gələ bilər. Bütün insanlarda eyni zamanda yaşama həvəsi, özünümüdafiə qüvvələri var. Adətən intiharların genetik səbəblərlə baş verdiyi məlum olub. İnsanın gördüyü sosial problemlərin ağırlığı intihara təsir etmir.
Bu fikirləri Teleqraf.com-a nevropatoloq Qalib Əsədov deyib.
Onun sözlərinə görə, intiharların sosial şəbəkələrdə müzakirəsi də belə hadisələrin çoxalmasına səbəb olur:
"Buna "Verter fenomeni" deyirlər. Hötenin "Verterin faciəsi" adlı əsəri var. Onu oxuyan gənclər vaxtilə intihara başlayırdılar. Türkiyədə "Bir akşam ölürüm" adlı mahnı trend olmuşdu. Mahnının klipində oğlan gitarasını ataraq intihar edir. Bu klipdən sonra çox sayda intiharlar baş verdi.
İndi intiharların sayının çoxalması birinci intihardan sonrakı nəticədir. Hadisə tirajlanır və insanlar ona meyl etməyə başlayır. Bu, dalğavari şəkildə cərəyan edir və meyledici proseslər gedir. Diqqət etsəniz, əksəriyyəti özünü hündür binadan atmaqla öldürür. Halbuki intiharın müxtəlif növləri var. Özünü atmaq, dərman içmək, asmaq və sairə..."
Qalib Əsədov hesab edir ki, şəxsdə intihara meyl əlamətləri varsa, mütəxəssisə müraciət olunmalıdır: "Əgər insanda əhval-ruhiyyə aşağı düşübsə, depressiya varsa, bu, uzunmüddətli davam edərsə, dərhal mütəxəssisə müraciət etmək lazımdır. Bizdə psixoloq, psixiatr, nevroloqa getmək ayıb sayılır. Qərb ölkələrində belə hallar olduqda psixoloqa müraciət edirlər, psixoloq 90 faiz hallarda bunun qarşısını almağa qadirdir".
Mütəxəssis intiharların hansı səbəblərlə əlaqəli olmasından da söz açıb: "Deyirlər ki, intiharlar güzəranın ağır olması ilə əlaqədardır. Halbuki sosial vəziyyətin buna aidiyyəti yoxdur. Skandinaviya ölkələri, Yaponiya intiharlarda ilk sıralardadır. Onlar ki inkişaf etmiş cəmiyyətlərdir, orada sosial problemlər yox dərəcəsindədir.
Yaxud küçədə yaşayan bomjların heç nəyi yoxdur, amma intihara əl atmırlar. Bu, genetik faktordur və ətraf mühitdən gələn mənfi neqativ emosiyalardan asılıdır".