11 Mart 2021 09:23
16 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düz 52 il bundan öncə, bu günlərdə sovet adamları Uzaq Şərqdən gələn həyəcanlı xəbərləri intizarla gözləməkdə idilər. Dünyanın iki nüvə dövləti – Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) ilə Çin Xalq Respublikası (ÇXR) arasında Damansk adası üstündə baş verən silahlı sərhəd toqquşması yaxınlaşmaqda olan böyük və dağıdıcı müharibənin ayaq səsləri idi. Bütün dünya həyəcanla bu toqquşmanın nələrə gətirib çıxaracağının intizarında idi. Məsələni qəlizləşdirən həm də iki kommunist ölkəsinə rəhbərlik edənlərin xarakteri ilə bağlı idi. Həm Leonid Brejnev, həm də Mao Tszedun (Mao Zedong) müharibə görmüş insanlar idi. Onların bir-birinə güzəştə gedəcəyi gözlənilmirdi. Heç bir strateji əhəmiyyəti olmayan kiçicik ərazi dünyanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Nə baş vermişdi?

Damansk böhranı 1969-cu ilin martın 2-dən 15-dək SSRİ ilə ÇXR arasında şiddətli döyüşlərlə müşayiət olunan, o cümlədən ağır artilleriyanın iştirak etdiyi, çoxlu sayda sərhədçinin ölümü və yaralanması ilə nəticələnən sərhəd toqquşmasıdır. Damansk böhranı Rusiya və Çinin müasir tarixi dövrdə yaşadıqları ən böyük silahlı münaqişədir. Bu barədə bir qədər sonra. İndi isə ada barədə bəzi məlumatları və onun tarixən kimə məxsus olması, toqquşmanın baş verməsinin səbəbləri barədə danışaq.

Damansk Uzaq Şərqdə, Ussuri çayında yerləşən kiçik adadır. Ussuri çayı Amur çayının sağ qoludur. Ussurinin uzunluğu 897 kilometrdir. Rusiya-Çin sərhədinin böyük hissəsini Ussuri çayı təşkil edir.

Damansk adası həmin bu çayda, sovet-Çin sərhədində yerləşirdi. Sahəsi cəmi 0,74 km²-dir. Ada 1991-ci ildə Çinin yurisdiksiyasına keçənədək SSRİ-nin Uzaq Şərq federal dairəsinin Primorsk diyarının Pojarsk rayonunun tərkibində olub. Xabarovskdan 230 km cənubda, Primorsk diyarının Luçeqorsk şəhər tipli qəsəbəsindən 35 km qərbdə yerləşir. Hazırda ÇXR-in Xeyluntszyan əyalətinə daxildir.

Qeyd etmək yerinə düşər ki, Damansk adası Ussurinin əsas məcrasının nisbətən Çin tərəfində yerləşirdi. Adanın ölçüləri şimaldan cənuba doğru təxminən 1700-1800 m, qərbdən şərqə qədər təxminən 600-700 m uzanır. Daşqınlar zamanı ada tamamilə suyun altında qalırdı. Su basmış çəmənlər isə qiymətli təbii sərvətdir. Adada bir neçə kərpic tikili də mövcud idi.

Çinlilər adaya Çjenbao dao, yaxud Zenbao dao deyirlər ki, bu da sözün hərfi tərcüməsində “qiymətli ada” deməkdir. Burada bir haşiyə çıxaraq qeyd edək ki, Azərbaycanda bəzən yanlış olaraq bu adanı “Daman” adlandırırlar. Ada Stanislav Damanskinin şərəfinə Damansk adlandırılıb. S.Damanski yol mühəndisi olub. O, 1888-ci ildə Trans-Sibir dəmiryol magistralının inşası üçün “prokladka” (“Prokladka” çoxmənalı termindir. Burada magistral dəmiryolu xəttinin bir nöqtədən digərinə çatdırılması üçün ayrı-ayrı xətlərin çəkilməsi nəzərdə tutulur-S.Həmid) axtarışları zamanı Ussuri çayını qayıqla keçərkən fırtınaya düşərək həlak olur. Onun cəsədini adsız adanın yaxınlığında tapırlar. Sonradan həmin adsız ada Damanskinin şərəfinə onun adı ilə adlandırılır.

Qeyd etdiyimiz kimi Damansk kiçik adadır. Ada 1991-ci ilədək Çinin SSRİ-yə qarşı ərazi iddialarının mövzusu idi. O, ilk növbədə 1969-cu ildə SSRİ ilə Çin arasında silahlı münaqişənin baş vermə yeri kimi dünyada məşhurdur.

Ada tarixən kimə məxsus olub?

İkinci Tiryək müharibəsindən (1856-1860) sonra Böyük Britaniya, Fransa və Rusiya Tsin imperiyasının zəifliyindən istifadə edərək özləri üçün son dərəcə faydalı şərtlərlə müqavilə imzalamağa müvəffəq olurlar. Rusiya Tsin imperiyası ilə sərhədin Amur çayının sağ sahilindən keçməsini nəzərdə tutan Pekin traktatını imzalayır. Nəticədə Tsin imperiyası üçün tarixi əhəmiyyətli bu ərazi iki yerə bölünür. Az məskunlaşan Daxili Mançjuriya Tsin imperiyasının tərkibində qalır, Xarici Mançjuriya isə Rusiyanın bir hissəsinə çevrilir. Rusiyaya birləşdirilmiş ərazilərdə yerli əhali tamamilə yox idi. Daxili Mançjuriyadan olan Çin kəndlilərinin isə Xarici Mançjuriyaya XIX əsrin sonlarınadək daxil olması qadağan edilmişdi. Uzun illər ölkələr arasındakı münasibətlər dostcasına idi. Sərhədyanı ərazidə əhalinin sayı az idi, sərhədin haradan keçməsi, çaydakı boş adaların kimə məxsus olması mübahisə doğurmurdu və toqquşmalara səbəb olmurdu. Mançjur balıqçılar isə Amur və Ussuri çaylarında dinc şəkildə balıq tuta bilirdilər.

Paris Sülh Konfransından (1919-cu il) sonra dövlətlər arasındakı sərhədlərin bir qayda olaraq (mütləq deyil) çayın əsas farvaterinin ortasından keçməsinin lazım olduğuna dair müddəa ortaya çıxdı. Qeyd etdiyimiz kimi bu, mütləq müddəa deyildi. Eyni zamanda beynəlxalq müqavilələr və razılaşmaların geriyə qüvvəsinin olmadığı da nəzərə alınmalıdır. Buna baxmayaraq 1950-ci illərin sonlarında – ÇXR beynəlxalq nüfuzunu artırmağa can atarkən, Tayvanla münaqişəyə girəndə (1958) və Hindistanla sərhəd müharibəsində iştirak etdikdə (1962) – Çin səlahiyyətliləri yaranmış yeni vəziyyətdə sərhəd müddəalarını bəhanə edərək aktiv şəkildə sovet-Çin sərhədinə yenidən baxılmasını tələb etməyə başladılar. Qeyd etmək yerinə düşər ki, ÇXR hər iki münaqişədən (Tayvanla və Hindistanla olan münaqişələr nəzərdə tutulur) qalib ayrılmışdı. Bu isə rəsmi Pekində öz gücünə inam yaratmışdı. Sovet rəhbərliyi sərhəd məsələsinə baxmağa hazır olduğunu açıqlayır və 1964-cü ilin fevralında sərhəd məsələləri ilə bağlı məsləhətləşmələr başlayır, ancaq bu məsləhətləşmələr nəticəsiz qalır. Həmin dövrdə Çində başlanan “Mədəni inqilab” (1966-1976) SSRİ ilə Çin arasında ideoloji fikir ayrılıqları yaratmışdı. 1968-ci il “Praqa baharı”ndan sonra ÇXR rəhbərliyinin SSRİ-nin “sosialist imperializmi” yoluna qədəm qoymasını elan etməsindən sonra iki kommunist ölkəsi arasında münasibətlər xüsusilə kəskinləşir. Ada məsələsi Çin tərəfindən artıq sovet revizionizmi və sosial-imperializmin simvolu kimi təqdim edilməyə başlanmışdı.

Çinlə münasibətlərin qarşılıqlı olaraq kəskinləşməsindən sonra sovet sərhədçiləri sərhədin dəqiq keçmə xətti məsələsinə son dərəcə ciddiyyətlə yanaşmağa başlayırlar. Çin tərəfi bəyanat yayaraq sovet sərhəd katerlərinin çinli balıqçıların qayıqlarının yanından yüksək sürətlə keçərək onları çayda batırmaqla hədələdiyini bildirir.

1960-cı illərin əvvəllərindən etibarən adada vəziyyət gərginləşməyə başlayır. Sovet tərəfinin açıqlamalarına görə, mülki və hərbi qulluqçulardan ibarət qruplar sərhəd rejimini sistematik şəkildə pozmağa və sovet ərazisinə girməyə başlayırlar, onlar silahdan istifadə etməmək şərtilə hər dəfə sərhədçilər tərəfindən adadan qovulurlar. SSRİ ərazisinə əvvəlcə Çin səlahiyyətlilərinin göstərişi ilə kəndlilər daxil olur və nümayişkaranə şəkildə burada təsərrüfat fəaliyyətlə məşğul olmağa başlayırlar: onlar Çin ərazilərində olduqlarını iddia edərək adada heyvan otarmaq və otlaqları biçmək kimi təsərrüfat işləri ilə məşğul olurlar. Bu cür təxribatların sayı kəskin şəkildə artır: əgər 1960-cı ildə onları sayı 100 idisə, 1962-ci ildə 5000 dəfədən çox idi. Daha sonra xunveybinlərin (SSRİ-də mövcud olan “Qırmızı Qvardiya”nın Çindəki analoqu - S.Həmid) sərhəd patruluna hücumları başlayır. Bu cür hərəkətlərin sayı minlərlə idi və hər birində bir neçə yüz nəfərə qədər insan iştirak edirdi. 4 yanvar 1969-cu ildə Kirkinski adasında 500 nəfərin iştirakı ilə Çin təxribatı həyata keçirilir. Bu vaxt Damansk adası sovet sərhədçiləri ilə Çindən olan təxribatçıların kütləvi əlbəyaxa dava meydanına çevrilmişdi...

Həmin dövrə aid dəqiq faktlardan biri də budur ki, 1960-cı illərin sonlarında 4380 kilometr uzunluğa malik sovet-Çin sərhədini boyunca 658 min sovet və 814 min Çin hərbçisi yerləşdirilmişdi.

Çin tərəfinin versiyası

Hadisələrin Çin versiyasına görə, sovet sərhədçiləri özləri təxribatlar “təşkil edirlər” və həmişə məşğul olduqları təsərrüfat fəaliyyəti ilə məşğul olan ÇXR vətəndaşlarını döyürlər. Çin tərəfi iddia edir ki, Kirkinski adasında baş verən hadisə zamanı sovet sərhədçiləri mülki əhalini qovmaq üçün Piyadaların Döyüş Maşınından (PDM) istifadə edib və 7 fevral 1969-cu ildə Çin sərhəd dəstəsi istiqamətində pulemyotdan tək-tək atəş açıblar.

Dəfələrlə qeyd edilib ki, bu cür toqquşmaların heç biri kimin təqsiri üzündən meydana gəlməyindən asılı olmayaraq, səlahiyyətlilərin razılığı olmadan ciddi silahlı qarşıdurma ilə nəticələnə bilməz. 2-15 mart tarixlərində Damansk adası ətrafındakı hadisələrin də Çin tərəfinin dəqiq planlaşdırdığı bir hərəkətin nəticəsi olduğu iddiası indi ən geniş yayılmış versiyadır; bu iddia birbaşa və ya dolayı yolla bir çox Çin tarixçisi tərəfindən etiraf olunub. Məsələn, Li Danxuey yazır ki, 1968-1969-cu illərdə “sovet təxribatları”na cavab Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin direktivləri ilə məhdudlaşdırılmışdı, yalnız 25 yanvar 1969-cu ildə Damansk adası yaxınlığında 3 hərbi bölüklə “cavab hərbi əməliyyatları” planlaşdırılmasına icazə verilib. 19 fevralda ÇXR Baş Qərargahı və Xarici İşlər Nazirliyi bununla razılaşıb. SSRİ rəhbərliyinin marşal Lin Byao vasitəsi ilə çinlilərin aksiyasının münaqişə ilə nəticələnə biləcəyi barədə Çin tərəfinə əvvəlcədən məlumat verildiyi versiyası da var.

ABŞ Dövlət Departamentinin 13 iyul 1969-cu il tarixli kəşfiyyat bülletenindən: “Çin propaqandası daxili birliyin vacibliyinə vurğu edərək əhalini müharibəyə hazırlaşmağa təşviq etdi. Hadisələrin yalnız daxili siyasəti möhkəmləndirmək üçün quraşdırıldığını güman etmək olar”.

Dövlət Təhlükəsizlik Komitəsinin Çindəki keçmiş rezidenti Yuri Drozdov iddia edir ki, kəşfiyyat tam vaxtında (hətta Nikita Xruşşov dövründə) və tam mənası ilə sovet rəhbərliyini Damansk rayonunda hazırlanan silahlı təxribat barədə xəbərdar etmişdi.

Toqquşma necə başladı?

Beləliklə, 1969-cu il martın 1-dən 2-nə keçən gecə SKS-lər ("Samozaryadnıy karabin Simonova") və qismən “Kalaşnikov” avtomatları ilə silahlanmış 77 çinli hərbi qulluqçu Damansk adasına soxulur. Onlar qış kamuflyajında olduqları üçün sovet sərhədçiləri sərhədlərin pozulmasından yalnız saat 10:20-də xəbər tuturlar. Hadisə yerinə QAZ-69 və QAZ-66 avtomobillərində və bir PDM-də 32 sovet sərhədçisi, o cümlədən sərhəd zastavasının rəisi, baş leytenant İvan Strelnikov yollanır. Onlar saat 10:40-da adanın cənub ucuna çatırlar. Sərhədçilər iki qrupa bölünür. Birinci qrup baş leytenant Strelnikovun komandanlığı altında adanın cənub-qərbində buz üstündə dayanan Çin hərbçilərinə tərəf yönəlir. Serjant Vladimir Raboviçin rəhbərlik etdiyi ikinci qrup adanın cənub sahillərindən Strelnikovun qrupunu əhatə etməli və adanın içərilərinə girən bir qrup Çin hərbçisinin (təxminən 20 nəfər) qarşısını kəsməli idi.

Şiddətli döyüşlər

Təxminən saat 10:45-də İvan Strelnikov sərhədin pozulmasına etiraz edir və Çin hərbçilərindən SSRİ ərazisini tərk etməsini tələb edir. Çin hərbçilərindən biri əlini yuxarı qaldırır, bu da çinlilərin Strelnikov və Raboviçin qruplarına atəş açması üçün bir siqnal rolunu oynayır. Bu vaxta qədər Raboviçin qrupu torpaq təpəciyindən kənara çıxır və adanın sahilində pusquya salınır. ​​Sərhədçilərə odlu silahdan atəş açılır. Strelnikov və onu müşayiət edən sərhədçilər (yeddi nəfər) öldürülür, onların cəsədləri Çin hərbçiləri tərəfindən doğranılır. Qısamüddətli döyüşdə serjant Raboviçin komandirlik etdiyi sərhəd bölməsinin praktik olaraq bütün üzvləri (11 nəfər) həlak olur. Yalnız huşsuz vəziyyətdə əsir düşən sıravi Gennadi Serebrov və yefreytor Pavel Akulov sağ qalır (Akulovun çoxsaylı işgəncə izləri olan cəsədi 17 aprel 1969-cu ildə sovet tərəfinə təhvil verilir).

Adadakı atışma barədə xəbər tutan qonşu 1-ci zastavanın rəisi, baş leytenant Vitali Bubenin kömək üçün 23 əsgərlə birlikdə PDM-ə minərək köməyə tələsir. Saat 11:30-da adaya çatdıqdan sonra Vitali Bubenin Yuri Babanskinin qrupu ilə birgə müdafiə mövqeyi tutur. Atışma təxminən 30 dəqiqə davam edir, çinlilər sərhədçilərin döyüş birləşmələrini minaatanlardan atəşə tutmağa başlayırlar. Həlak olan Strelnikovun 04 nömrəli PDM-nə çatıb onun içinə daxil olan Bubenin çinlilərin mövqeləri boyunca irəliləyərək onların komanda məntəqəsini məhv edir, lakin PDM yaralıları götürməyə çalışarkən çinlilər tərəfindən sıradan çıxarılır. Çinlilər ada yaxınlığında sovet sərhədçilərinin döyüş mövqelərinə hücum etməyə davam edirlər.

Təxminən 13:00-da çinlilər geri çəkilməyə başlayırlar.

Ümumilikdə martın 2-də baş verən döyüşdə 31 sovet sərhədçisi öldürülür, 14-ü yaralanır. Çin tərəfinin itkiləri (general-polkovnik N.Zaxarovun rəhbərlik etdiyi SSRİ DTK-nın komissiyasının qiymətləndirməsinə görə) 39 nəfər təşkil edib.

Təxminən saat 13:20-də İmansk sərhəd dəstəsi, onun rəisi, polkovnik Demokrat Leonovun komandanlığı ilə vertolyotlar və qonşu zastavalardan gücləndirici naryadlar Damanska gəlir, Sakit okean və Uzaq Şərq sərhəd bölgələrinin ehtiyatları cəlb edilir. Arxa cəbhəyə isə BM-21 “Qrad” yaylım atəş sistemləri və artilleriya ilə təchiz edilmiş sovet ordusunun 135-ci motoatıcı bölməsi yerləşdirilir. Çin tərəfdən 5 min nəfər şəxsi heyətə malik 24-cü piyada alayı döyüş əməliyyatlarına hazırlaşırdı.

Martın 3-də Pekindəki sovet səfirliyi yaxınlığında nümayiş keçirilir.

Martın 7-də isə Çinin Moskvadakı səfirliyi qarşısında piket baş tutur. Nümayişçilər binaya mürəkkəb balonları atırlar.

İki ölkənin xarici işlər nazirlikləri bir-birlərinə nota ünvanlayırlar.

14-15 mart hadisələri

Martın 14-də saat 11:15-də sərhədçilər adaya doğru irəliləyən bir qrup çinlini aşkarlayırlar. Sərhədçilər qrupa atəş açırlar. Bu, çinliləri öz sahillərinə doğru çəkilməyə məcbur edir. Saat 15:00-da sərhədçilərin adadan çıxarılması barədə əmr daxil olur. Sovet sərhədçiləri getdikdən dərhal sonra Çin əsgərləri adanı zəbt etməyə başlayırlar. Buna cavab olaraq 57-ci sərhəd dəstəsi yenidən adaya daxil olur.

Martın 15-də səhər hər iki tərəfdən səsgücləndiricilər vasitəsilə elan edildikdən sonra, saat 10:00-da Çin topçuları və minaatanları sovet mövqelərini atəşə tutmağa başlayır. Üç Çin piyada bölüyü hücuma keçir. Şiddətli döyüş başlayır. 57-ci sərhəd dəstəsinin rəisi, polkovnik Leonovun komandanlığı altında dörd T-62 tankı adanın cənub ucunda çinlilərə hücum edir, lakin Leonovun tankı məhv edilir. Həmyerlimiz, 1926-ci ildə Bakıda doğulmuş Demokrat Leonov yanan tankı tərk etməyə çalışarkən snayperlə vurulur. O, 21 mart 1969-cu ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Vəziyyət getdikcə gərginləşir. Ölənlərin sayının artması və verilən itkilərin dəyəri sovet tərəfinə çinliləri adaya buraxmağa imkan vermir.

İki saat sonra sursatı tükənən sovet sərhədçiləri adadan geri çəkilmək məcburiyyətində qalırlar. Döyüşə cəlb olunan qüvvələrin yetərli olmadığı, çinlilərin isə sərhədçilərdən əhəmiyyətli dərəcədə çox olduğu aydın olur. Uzaq Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik Oleq Losik Sovet İttifaqı qoşunlarının münaqişəyə girməmək barədə Sov.İKP MK-sı Siyasi Bürosunun təlimatını pozaraq saat 17:00-da, kritik məqamda atəş açmaq əmri verir. Mərmilər Çin qruplarının və ordusunun maddi-texniki ehtiyatlarının çoxunu məhv edir. 17:10-da 135-ci motoatıcı diviziyanın 199-cu motoatıcı alayının sərhədçiləri hücuma keçirlər. Çinlilər mövqelərindən çəkilməyə başlayırlar.

Sovet qoşunları yenidən öz sahillərinə çəkilir. Çin tərəfi artıq dövlət sərhədinin bu hissəsində genişmiqyaslı düşmənçilik hərəkətləri etmir.

İtkilər

Ümumilikdə, toqquşmalar zamanı sovet ordusu dörd zabit də daxil olmaqla 58 nəfər itirir, doqquz zabit də daxil olmaqla 94 nəfər yaralanır. Çin tərəfi itkiləri barədə məlumatı bu günədək açıqlamır. Müxtəlif hesablamalara görə, onların sayı 100-lə 300 nəfər arasında dəyişir. 2-15 mart 1969-cu il tarixlərində həlak olan 68 Çin əsgərinin külünün yerləşdiyi Baotsin əyalətində memorial qəbiristanlıq var.

Bu hadisələrə görə beş hərbçi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Digər çoxsaylı sərhədçilər dövlət mükafatları ilə təltif olunurlar.

Nizamlanma

Havalar isindikdən, buzlar əridikdən sonra sovet sərhədçilərinin Damanska çıxışı çətinləşir. Adanın çinlilər tərəfindən ələ keçirmək cəhdlərinin qarşısı yalnız snayper və pulemyot atəşi ilə alınmalı idi. 10 sentyabr 1969-cu il tarixdə atəşi dayandırmaq əmri verilir. Görünür, bununla sabahı gün Pekin hava limanında başlayan danışıqlar üçün əlverişli zəmin yaratmaq istənilir.

Sentyabrın 11-də Vyetnamdan – Ho Şi Minin dəfn mərasimindən qayıdan SSRİ Nazirlər Sovetinin sədri (baş nazir) Aleksey Kosıgin yolüstü Pekində dayanır. Kosıgin və Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Çjou Enlay düşmənçilik hərəkətlərini dayandırmağa və qoşunların Damanska daxil olmadan öz mövqelərində qalmalarına razılaşırlar.

20 oktyabr 1969-cu ildə SSRİ və ÇXR hökumət başçıları arasında yeni danışıqlar aparılır, sovet-Çin sərhədinə yenidən baxılması zərurəti barədə razılıq əldə edilir. Bundan əlavə, Pekində və Moskvada bir sıra danışıqlar aparılır.

Nüvə müharibəsinin bir addımlığından geri dönüş

2010-cu ildə Fransanın “Le Figaro” qəzeti Çinin nüfuzlu, gündəlik 14 dildə nəşr olunan, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı olan “Jenmin jibao” (“Gündəlik xalq qəzeti”) qəzetinin dərc etdiyi əlavəyə istinad edərək Damansk hadisələri barədə silsilə məqalələr dərc edir. Məqalədə SSRİ-nin 1969-cu ilin avqust-oktyabr aylarında ÇXR-ə nüvə zərbəsi endirməyə hazırlaşdığı iddia olunur. Analoji məqalə Honq-Konqda dərc olunan “South China Morning Post” qəzetində də yayımlanıb. Bu məqalələrdə bildirilir ki, ABŞ ÇXR-ə nüvə zərbəsi endiriləcəyi təqdirdə neytrallığını qoruyub saxlamaqdan imtina edib və 15 oktyabrda Sovet İttifaqını onun 130 şəhərinə nüvə zərbəsi endirəcəyi ilə təhdid edib. “Beş gün sonra Moskva nüvə zərbəsi planlarını ləğv edir və Pekində danışıqlar başlayır: böhran bitdi”, – deyə qəzet yazır. Bu epizodu ABŞ Prezidenti Riçard Niksonla bağlayan tədqiqatçı Li Çenşan hansı arxiv mənbələrinə istinad etdiyini açıqlamır.

Onu da qeyd edək ki, sözügedən məqalədə ABŞ-ın nüvə zərbəsi endirməyi planlaşdırdığı şəhərlər arasında SSRİ-nin Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Daşkənd, Xarkov, Minsk, Qorki (Nijni Novqorod), Novosibirsk və Sverdlovskla (Yekaterinburq) birgə 10 ən böyük şəhərindən biri olan Bakının da adı var idi.

Beləliklə, Damansk adası üstündə 2 mart 1969-cu ildən SSRİ ilə Çin arasında başlayan aktiv döyüş əməliyyatları həmin ilin sentyabrında sona çatır, oktyabr ayında başlayan danışıqlar 20 ildən çox davam edir.

19 may 1991-ci ildə tərəflər yekun razılığa gəlirlər – ada birdəfəlik Çin Xalq Respublikasının yurisdiksiyasına keçir. Həmin gündən etibarən Damanskda Çinin qırmızı fonda beşgüşəli bayrağı dalğalanmağa başlayır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər