Bu gün Şərqin bir çox ölkələrində olduğu kimi Azərbaycanda da Novruz bayramı qeyd olunur. Zamanla Novruz adətlərinin bir çoxu unudulsa da, bölgələrimizdə, xüsusən də, kəndlərimizdə yaşadılmaqda, qədim dövrün qaydaları gələcək nəslə ötürülməkdədir. Azərbaycanda yüz il əvvəl Novruzun necə keçirilməsi ilə bağlı isə dövrün ziyalılarının məqalələrindən məlumat əldə etmək mümkündür.
“Maska taxıb qılığa girərək...”
Məhəmmədəmin Rəsulzadə 1954-cü ildə “Azərbaycan” jurnalında yazdığı məqaləsində Novruz adətlərini bu şəkildə qeyd edib:
“Bu bayramda hər şey yenilənir, hələ uşaqlara mütləq yeni libaslar geydirilir; övladlarını sevindirmək üçün ən fəqir ailələr də bütün imkanlarını sərf edərlər. Türkiyədəki Ramazan bayramı kimi Azərbaycandakı Novruz bayramı da üç gün davam edir. Bütün ailələr bir-birilərini evlərində ziyarət edir, bayramlaşırlar. Süfrələri hər cür şirniyyatlarla dolu olan evlərin qapıları bütün bayram günlərində ziyarətçilərə açıq qoyulur.
Bayrama təsadüf edən dörd həftənin “üskü” adlanan çərşənbə günlərində “tonqal” deyilən alov qalanır və gənclər bu alovun üstündən tullanır, əylənirlər. Maska taxıb qılığa girərək qapı-qapı dolaşan "kos-kosa”ların (karnaval) halı da çox əyləncəlidir. Əsl bayram günlərində isə uşaqların bir-bir qrup təşkil edərək, ailədən ailəyə gedərək xor halında:
“Gəldi Novruz bayramı, açıldı güllər, lalələr,
Səbzəpuş oldu çəmənlər, bülbül eylər nalələr...”
mətləsiylə başlayan bir “Novruziyyə” oxumaları vardır ki, bu, özlüyündə bir şeir, bir bahardır”.
“Ağırlığım, uğursuzluğum tökül bu odun üstünə!”
Cümhuriyyət deputatı Məhəmmədsadıq Aran Ergenekon bayramı kimi adlandırdığı Novruz ilə bağlı maraqlı adətləri qeyd edib. 1942-ci ildə “Bozqurd” jurnalında dərc olunan məqaləsində Aran yazıb:
“Bu milli bayram baharın ilk günü (21-22 mart) Azərbaycan türkləri arasında xüsusi şəkildə böyük törənlə qeyd olunur. Qışın bu bayramdan əvvəlki ən son çərşənbə axşamında bütün evlərin damlarında tonqal yandırılır. Gur və coşqun alovların ətrafında toplanan ailə üzvləri tək-tək alovun üstündən “Ağırlığım, uğursuzluğum tökül bu odun üstünə!” deyərək tullanarlar.
Kiçik uşaqları da mütləq qucaqlarına götürüb tonqalın üstündən keçirir, yuxarıdakı cümləni təkrarlayırlar. Bu tonqal törəni bir saat sürür, çox dərin bir sevinc içində keçir. Alaqaranlıq içində hər evin damından yüksələn alov sütunu hər kəsi coşdurur. Hava fişəngləri, silahlar açılır, gənc, ixtiyar bütün xalq tonqalın çevrəsində hərəkət edir.
Bu törən bitdikdən sonra ailə milli yeməklər və yeddi çeşid yeməklə süslənmiş süfrəyə əyləşir. Əvvəlcə qonşuda yoxsul ailə varsa, isti yeməklərdən və çərəzlərdən bol-bol onlara göndərilir. Sonra ailə sevinc içində yemək yeyir, ailə başçısı çərəzləri boşqabların içində paylayır.
Niyyət tutma – ilin uğurlu və bərəkətli olması, yurdun və millətin məsud olması üçün dua edilir. Nağıllar, tapmacalar, gülməcələr söylənilir, fala baxılır. Bu sırada könüllərdə ulu dilək, dillərdə şirin və gözəl sözlər dolaşır, qonşular qapı və pəncərə qarşısına gələrək diləklərinə uyğun bir söz eşitmək niyyətilə danışılan sözləri dinləyərlər.
Niyyət sahibləri aydınlıq və təmizlik əlaməti olaraq əllərində bir qab içində daşıdıqları sudan uyğun bir cümlə eşidincə içəriyə bir neçə damla səpərək çəkilirlər. Gecə sevinc içində keçər. Sabah erkəndən günəş doğmadan hər kəs axar su kənarına qaçar, əl-üzünü orada yuyar. Suyun içindən yeddi dənə təmiz kiçik daş götürər, suyun ətrafından quru çöplər toplayarlar. Daşları evin dörd bucağına, anbara, ocağa, axura, arı yuvalarına atarlar, çöpləri ilk sabah atəşində yandırarlar.
Bayram günü – Ergenekon bayramında böyük və ümumi xalq şənlikləri keçirilir. Cıdır oynanılır, at yarışı keçirilir, yoxsul ailələrə ianə toplanılır. Qapılar açıq qoyulur, hər kəs tanıyıb-tanımadığı evə girib bayramlaşır. Yaslı evlərə toplu şəkildə başsağlığına gedilir. Həmin günü üçün bir Bayram xanı – əksəriyyəti fəqir təbəqədən – seçilir. Bu xanın bütün əmrləri icra edilir. Xan böyük, bol hədiyyələr toplayır, kasıblar arasında paylaşırlar. Bütün küsülülər barışdırılır.
Törənlərin ən önəmlisi torpaq altından bir tunel açıb – eynilə Ergenekon dastanında olduğu kimi – o dəlikdən keçmə adətidir. Bu şəkildə tilsimdən qurtulur. Bayram üç gün davam edər. Son gündə toplu şəkildə məzarlıqlara gedilir, əcdadın – ölülərin xatirəsi yad edilir. Bol yeməklər hazırlanır, birlikdə yeyilir. Sonda yurdun və millətin qutlu və xoşbəxt olması üçün xeyirli dualar və diləklər edilir, sonra dağılışırlar.
Güney Azərbaycanın Təbriz bölgəsində bu bayram 13 gün davam edir. Son gün xalq toplu şəkildə çəmənliklərə gedərlər.
“Qamışa dəridən bir qalpaq keçirilir…”
Mühacir Əziz Alpoud 1943-cü ildə “Çınaraltı” jurnalında yazdığı məqaləsində vaxtilə Qazaxda gördüyü Novruz adətlərini belə qeyd edib:
“Bayramdan bir neçə gün əvvəl evlərdə fəaliyyət görülür. Çörəklər, kətələr, iydələr, müxtəlif şirniyyatlar hazırlanır, yüzlərlə yumurta bişirilir, soğan, nar qabığı və yun ipliklərini boyadıqları sair bitki maddələri ilə müxtəlif çeşidli rənglərə boyar, şəhərdən tədarük edilmiş şəkər və quru çərəzlərlə bərabər sandıqlara qoyarlar.
Kişilər də boş dayanmazlar. Atlarını, qılınclarını, qəmələrini gözdən keçirir, çatışmazlıqlar varsa, düzəldirlər. Uşaqların da qayğısı az deyil: kiçik heybə və uzun ip tədarük etmək. Bayram günü, daha dan yeri ağarmadan hazırlıqlara başlanılır. Bir neçə həftə əvvəl qablarda isladılmış çimləndirilmiş arpa, mərcimək və sair içinə boyanmış yumurtalar yerləşdirilir, çörəklər, kətələr, qatlamalar, şəkər və çərəzlərlə birlikdə ya otağın ortasına sərilmiş xalıda açılmış süfrəyə, yaxud da divar diblərində yerləşdirilmiş mindərə sərilmiş süfrəyə qoyulur.
Həyətdə uşaqların sürükləyib gətirdikləri quru ot və çırpılardan hazırlanmış bir yığında (tonqal) tunel kimi nov açılmış, biz uşaqlar iməkləyərək içindən keçirik. (Hər halda əfsanəvi dəmirçinin Bozqurdun arxasından mağaradan keçişinin təqlidi). Bu arada böyüklər bayrama aid türkülər söyləyirlər. Bu bitdikdən sonra dörd gözlə gözlədiyimiz baş verir: tonqal yandırılır!
Alovlar göyə yüksəlir. Böyüklər tonqalın üstündən tullanırlar. Bizləri isə tonqalın iki yanında duran böyüklərin hər biri bir əlimizdən tutaraq üç dəfə arındırıcı alovların üzərindən uyğun türkülər söyləyərək atla- yırlar. Bu türküdə “ağrın, qadan qalmasın” kimi sözlər istifadə edilirdi. Tonqalın yandırılması və üzərindən tullanmalar bitdikdən sonra uşaqlar əllərində uclarına uzun ip bağlı heybə ilə yaxın qohumlarının yerdən asan çıxılmaqda olan evlərinin torpaq damlarına dırmanır, müxtəlif gülünc türkülər söyləyərək heybələrini damın açıq bacasından otağa endirirdilər. İçinə qoyulan bişmişlərdən, çərəzlərdən, şəkər və yumurtalardan ağırlaşan heybələr sevinclə yuxarıya çıxarılırdı.
Böyüklər də bayramlaşdıqdan sonra kənd meydanına toplanılır. Orada ağsaqqalların hüzurunda at çapılır, cıdıra (at yarışı) çıxılır, atıcılıq-vuruculuq məharətlərini gös- tərir, qılınc oynadır, güləş tuturlar. Qılınc sallamada insan boyu qədər bir qamışa dəridən bir qalpaq keçirilir, at üzərində sürətlə gələn oyunçu qalpağa toxunmadan qamışı qalpağın (papağın) tam altından qılıncı ilə biçər”.