I Yazı
9 fevral 1920-ci il.
Malta adasında ingilis əsarətində yaşayan Azərbaycanın və Türkiyənin ictimai-siyasi xadimi, hüquqşünas Əhməd bəy Ağaoğlu ailəsinə göndərdiyi məktubunda yazırdı: “Burada havalar çox gözəldir. Ətrafımız çiçəklər və yaşıllıqla doludur. Sanki ilk bahardır və həm də Qarabağın ilk baharı...”
Sonrakı məktublarında da adada gördüyü gözəllikləri doğulduğu Qarabağla müqayisə edən Əhməd bəy ailəsindən və vətənindən uzaq qaldığı bu əsarətə necə düşmüşdü? Bir qədər əvvələ gedək.
***
1909-cu ildə ayrıldığı Vətəninə 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanının siyasi müşaviri kimi gələn Əhməd bəy Ağaoğlu Azərbaycan parlamentinin açılışından sonra orada təmsil olunub. Qısa müddət sonra isə istiqlaliyyətini elan etmiş gənc dövləti Paris Sülh Konfransında tanıtmaq üçün Əlimərdan bəy Topçubaşının öndərliyində yola düşən nümayəndə heyətinin tərkibinə daxil edilib. 1919-cu ilin yanvar ayında İstanbula qayıdan Ağaoğlu burada həsrətində olduğu ailəsinə qovuşub, ardınca geniş yayılmış ispan qripinə yoluxaraq ağır halda yatağa düşüb.
Onun ispan qripinə yoluxması ilə bağlı həm öz xatirələrində, həm də o ərəfələrdə İstanbulda olan “Azərbaycan” qəzetinin yazarı Şəfiqə Əfəndizadənin məqaləsində bilgilər mövcuddur.
1909-cu ildən etibarən 10 il ərzində Osmanlı dövlətində müxtəlif vəzifələrdə (təhsil müfəttişi, millət vəkili) çalışmış Ağaoğlunun budəfəki vəzifəsi Azərbaycan Cümhuriyyətinin tanıdılması idi. Amma buna baxmayaraq o, 1919-cu ilin 15 martında Osmanlı dövlət xadimi kimliyi ilə həbs edilib. I Dünya müharibəsində məğlub olan Osmanlı və “İttihad və Tərəqqi” hökumətinin tanınmış nümayəndələri ilə birlikdə Əhməd bəy də ingilislər tərəfindən Malta adasına sürgün olunub.
Ona Müttəfiq orduların komandanı general Franchet Espereyin əmri ilə həbs olunduğu bildirilib.
Ağaoğlunun günahı nə idi?
İngilis arxivlərindəki raportlarda Ağaoğlu haqqında həddindən artıq iftiralara yer verilib. Əhməd bəy guya Qafqazda kütləvi qətliamlarda iştirak edib, eləcə də ərəblər, yunanlar və ermənilərə qarşı təzyiqlərdə Ziya Gökalpla birgə əməkdaşlıq edib. Ənvər paşanın verdiyi maddi dəstəklə Azərbaycan və Qafqazda mühüm işlər görüb, hətta Məkkəyə gedib, Misirdə əl-Əzhər üləmasıyla yaxşı əlaqələr qurub.
Qəzetinin maliyyəsi üçün almanlardan dəstək alıb, Ənvər paşanı Qafqazdakı evində müsafir edib, türk təbliğatı aparmaq üçün Qafqaza 10 min türk lirəsi aparıb. Həmçinin 1919-cu il aprelin 1-də Azərbaycandan gələn iki zabit İstanbula gətirdikləri pulun yarısını Ağaoğluna, yarısını isə oradakı bolşevik liderlərə veriblər.
Göründüyü kimi ingilislər müharibədə məğlub olan Osmanlının öndə gələn hərbçi və ziyalılarını müxtəlif iftiralarla həbs etməklə xalqı birləşdirəcək şəxsləri ortadan götürmək istəyiblər. Çünki onlar Osmanlını ayağa qaldıracaq gücün yenidən “İttihad və Tərəqqi”də olduğunu hesab ediblər. Amma bu hesablarında tamamilə yanılıblar. Əksinə ingilislərə və yunan işğalına qarşı hərəkatı Mustafa Kamal paşanın öndərliyində başqa qrup başlatdı və bəlkə də, “İttihad və Tərəqqi”nin öndə gələn liderləri Malta adasına sürgün edilməsəydilər, təbii olaraq Türkiyənin dirəniş hərəkatı ikiyə bölünəcək, bununla da zəifləyəcəkdi. Çünki bu şəxslər təbii olaraq Ənvər paşanın yanında yer alacaqdılar və Mustafa Kamal paşa ciddi çətinliklərlə üzləşəcəkdi.
İstanbulda Bekirağa bölüyündə saxlanılan əsirlər 1919-cu ilin 28 mayında Malta adasına göndərilmək üçün Tophanə sahilinə gətiriliblər. Köhnə vapura mindirilən 78 nəfər daha böyük olan Princess Ena adlı gəmi ilə sürgünə aparılıblar. Ağaoğlu 4 ay Limni adasında saxlanıldıqdan sonra 21 sentyabrda Malta adasına gətirilib.
Malta məktubları
Əsirlikdə qaldığı müddətdə Əhməd bəy ailəsiylə müxtəlif yollarla məktublaşıb. Bu məktublar haqqında ilk dəfə oğlu Səməd Ağaoğlu “Atamın dostları” adlı kitabında bəhs edib.
Həmin əsərdə Əhməd bəyin həyat yoldaşı Sitarə xanıma göndərdiyi bir neçə maraqlı məktub yer alıb. Daha sonra türkoloq Mehdi Gəncəli Ağaoğlu arxivinin bir qisminin saxlanıldığı İstanbulda yerləşən Qadın Əsərləri Kitabxanasında və Əhməd bəyin nəvəsi Tektaş Ağaoğlunda olanları bir araya gətirib. Beləliklə, 23 məktub aşkar edilib.
Bu ay isə Türkiyədə Ömər Erden tərəfindən Cümhuriyyət muzeyi arxivindən saxlanılan xeyli məktub kitab şəklində çap olunub. 21 sentyabr 1919-cu ildən 17 mart 1921-ci ilə qədərki dövrü əhatə edən bu məktublar Əhməd bəyin Malta adasından göndərdikləridir. Mehdi Gəncəlinin aşkar etdiyi məktublarda isə ailəsinin də ona göndərdiyi məktublar yer alıb.
***
Ömər Erdenin çap etdiyi məktublarda Ağaoğlunun iki il ərzində narahat olduğu əsas problemlər bunlardır:
İşğal və pandemiya əsarətində olan İstanbuldakı ailəsindən narahatlıq - müxtəlif yoluxucu xəstəliklərin, soyuğun, bahalılığın olduğu İstanbuldakı ailəsinin vəziyyəti, demək olar ki, bütün məktublarda göründüyü kimi Ağaoğlunun əzab çəkməsinə səbəb olub. Beş uşaqlı ailəsinin başsız qalması və əsirlikdə olduğu üçün bəzi xərcləri üçün utanaraq onlardan maddi yardım istəməsi daim iztirab çəkməsinə səbəb olub.
Buna görə də məktublarında davamlı şəkildə Azərbaycandakı qardaşı Hüseynin və onun oğlu Baxışın İstanbula ara-sıra gəlib-getməsindən böyük sevinc hiss etdiyini yazıb.
Övladlarının təhsili – Əhməd bəy Sürəyya, Tezer, Əbdürrəhman və Səmədin məktəb həyatını məktublarında daim kontrol altında saxlayıb, onların qiymətləri ilə maraqlanıb, böyük qızı Sürəyyaya ali təhsillə bağlı tövsiylərini verib.
Xilas yolu – Əhməd bəy məktublarında daim haqsız yerə həbs olunduğunu, hətta günahsızlığını ingilis hərbi məhkəməsində də sübut edə biləcəyini bildirərək müxtəlif şəxslərin vasitəçi olmasına çalışıb. Bununla bağlı Azərbaycanın İstanbuldakı səfiri Yusif Vəzirdən, Paris Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşıdan və vaxtilə dostlaşdığı bəzi ingilis səfirlərindən yardım istəyib.
Qafqazdakı vəziyyət – xüsusilə 1920-ci ilin aprel ayından sonra Qafqazda vəziyyətin qarışması fonunda Ağaoğlunun məktublarında narahatlıq hiss olunur. Çünki rus işğalı nəticəsində Qafqazla İstanbul arasındakı əlaqənin kəsilməsi qardaşının da yardıma gəlməsini çətinləşdirib.
Azərbaycana küskünlük
Əhməd bəyin məktublarında həm Osmanlı, həm də Azərbaycan hökumətinə sərt tənqidlər yer alıb. Ağaoğluna görə, Azərbaycan hökumətinin heyətində yer aldığı zaman həbs olunduğu üçün hökumət onun xilasından ötrü çalışmalıdır. Xüsusilə üzvü olduğu heyətin sədri Əlimərdan bəy Topçubaşı. 1919-cu il 15 oktyabr tarixli məktubunda yazıb: “Bu gün bizim Allahdan başqa kimsəmiz yoxdur. Çünki bizim halımızda olan kimsələri hökumətləri müdafiə edər. Halbuki bizim hökumətimizdir ki, bizi bu hala salıb”.
Ağaoğlu bu məktubunda ingilislərin onun azad olunub İstanbula gəlməsinə razı olmadıqları təqdirdə Azərbaycana və ya başqa ölkəyə də gedə biləcəyini bildirib. 29 oktyabr tarixli məktubunda isə günahı olmadığını qeyd edib: “Hətta ingilis mühakiməsinə razı oldum. Çünki siz də bilirsiniz ki, məni məhkum edəcək heç bir ingilis vicdanı və insafı tapılmaz! Mən vətən və millətimə qarşı vəzifəmi ifa etməkdən başqa heç bir şey etmədim”. 17 noyabr tarixli məktubunda bu məsələyə bir daha toxunub: “Mən əfv istəmirəm, ədalət istəyirəm. Çünki ingilis ədalətinə əminəm”. Qəribədir ki, Ağaoğlu ingilis əsarətində olsa da, ingilis məhkəməsinin ədalətinə güvənirdi.
31 noyabr 1919-cu il tarixli məktubunda Ağaoğlunun sitəmi yer alıb: “Azərbaycan haqqında verdiyiniz xəbərlər məni məmnun etdi. Hüseyn qayıtdığı zaman azərbaycanlılara desin ki, mən burada sırf Azərbaycan üçün otururam. Onun yolunda bu məşəqqətlərə giriftar edildim. Mümkündürsə, çalışsınlar, Londona məram anlatsınlar. O daha təsirli olur”.
Həmin ilin 22 dekabr tarixli məktubunda yenə bu mövzuya toxunub: “Yusif bəy Vəzirovla görüşmüsünüz. Mənim haqqımda təşəbbüslər göstərirmi? Məndən ona təşəkkürlər və salam söyləyin və deyin ki, bir yol tapıb Paris Konfransı və İngiltərə hökuməti nəzdində təşəbbüs göstərilməsi və Azərbaycan hökuməti ilə parlamentinin də eyni məqamlara müraciət etmələri çox münasib olardı. Mən lütf və mərhəmət gözləmirəm. Mən ədalət istəyirəm və hər cür məhkəməyə razıyam...
Yusif bəyin ingilis nümayəndəsinə bir məktubla mənim Azərbaycanda ingilislərə qarşı necə hərəkət etdiyimi də izah etməsi çox müvafiq olardı. Çünki həqiqətən, ingilislər mənim haqqımda yanlış məlumatlar alıblar və bədxahlar tərəfindən aldadılıblar”.
22 yanvar 1920-ci il tarixli məktubunda Ağaoğlunun Azərbaycan hökuməti vasitəsilə azad olunacağına ümidinin artdığını görürük: “Buraya gələn bir agentliyin teleqramında Azərbaycanın istiqlaliyyətinin ingilis və müttəfiq hökumətlər tərəfindən təsdiq edilmiş olduğunu oxuduq. Bilirsiniz ki, Azərbaycan ilə İngiltərə arasında müzakirə aparmaq üçün İrana mən getmişdim və bu xüsusda çox böyük xidmətlərim olmuşdur. Hətta oradakı ingilis komandanı tərəfindən verilmiş, hələ də cibimdə olan bir tövsiyənamə və pasport vardır.
Ona görə də gərək İstanbulda Yusif bəy Vəzirov oradakı ingilis mürəxxəsə müraciət edərək mənim bu xidmətlərimdən, İngiltərə ilə Azərbaycan arasında vasitə olduğumdan, mənə ingilis komandanı general Tomsondan Paris səfirliyinə tövsiyənamə verildiyindən və yenə eyni generalın pasportu ilə Azərbaycan mürəxxəsi olaraq Parisə gedərkən həbs edilməyimdən bəhs edərək mənim azad olunmağımı tələb etməsini rica ediniz. Yenə eyni məzmunda Azərbaycan hökuməti və parlamenti də ingilis hökumətinə müraciət edərsə, çox yaxşı olar”.
Yada salaq ki, Ənzəlidə Tomsonla görüşən Azərbaycan hökumətinin nümayəndə heyətinin rəhbəri Əhməd bəy idi.
28 yanvar tarixli məktubunda Əhməd bəy bu mövzuda təkrar yazıb: “Azərbaycanın təsdiqindən sonra artıq orada mənim üçün çalışmaq zamanı gəlmişdir. Yusif bəyin diqqətini bu cəhətə cəlb edin”.
11 fevral 1920-ci il tarixli məktubunda isə Əhməd bəy daha sərt şəkildə tələbini bildirib: “Yusif bəy Vəzirova salam göndərir və Əlimərdan bəyə məktub yazıb Paris Sülh Konfransı nəzdində ingilis və fransız ərkanı hüzurunda mənim haqqımda çalışmasını xüsusilə rica edirəm... Yusif bəy bunu bilməlidir ki, mən burada Azərbaycanın qurbanı olaraq yatıram”.
(Davamı var)