26 Mart 2021 20:44
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVAX beynəlxalq təşəbbüsünün yaradılmasında məqsəd COVID-19-la mübarizədə istifadə olunacaq vaksin bütün dünya ölkələrində ədalətli şəkildə, bərabər bölgüsün təmin edilməsi idi. Azərbaycan da COVAX təşəbbüsünə qoşulan ilk 50 ölkədən biridir. Ölkəmiz hər zaman müqavilə şərtlərini lazımı səviyyədə yerinə yetirib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan nadir dövlətlərdən biridir ki, koronavirusla mübarizədə beynəlxalq güclərin birləşdirilməsini, bütün təhdidlərə qarşı birgə mübarizə aparılmasını, eyni platformadan çıxış etməsini müxtəlif səviyyələrdə qaldırıb: "Azərbaycan koronavirusla mübarizənin müzakirəsinin ən yüksək tribunalarda aparılmasına nail olub. Ötən il həm Türk şurasının zirvə toplantısında, həm də Qoşulmama hərəkatının zirvə toplantısına sədrlik edən İlham Əliyev hər iki böyük beynəlxalq təşkilatın zir toplantısını koronavirusla mübarizəyə həsr edib və bu dünyada bir ilk idi. Prezidentin təşəbbüsü ilə koronavirusla mübarizədə bütün güclərin birləşdirilməsi məqsədilə BMT-nin xüsusi sessiyası çağrılıb. Ötən ilin 3-4 dekabrında keçirilən sessiyada çıxış edən İlham Əliyev yenə də ədalətli bölgüdən danışaraq, dərman və vaksinlərin hər kəsə ədalətli çatdırılmasından söz açıb, humanitar məsələlərdə yardımlaşmanın vacibliyini qeyd edib. Azərbaycan da öz təşəbbüsündə hər zaman nümunə olub. 2 dəfə 5 milyon dollar olmaqla , 10 milyon dollar BMT-yə ianə edib ki, kasıb ölkələrə yardım edilsin".

Millət vəkili bildirib ki, COVAX-la müqavilə bağlandığı halda, görülən işlərin müqabilində bu gün şirkəti öhdəliyini icra etmir: "Pfizer vaksinini Azərbaycana təqdim etmədi. Bununla yanaşı, heç bir əsaslı səbəb göstərmədən vaksinin həcminin azaldılacağı və müddətin uzadılacağını qeyd edib. Bütün bunların hamısı ikili standartların təsiridir. İkili ədalətsiz münasibəti uzun illər görmüşük. Hətta BMT-nin işğaldan azad olunmuş ərazilərdən ermənilərin çıxması haqqında 4 qətnaməsi vardı ki, 30 il bunu heç kəs icra etmədi. Amma Azərbaycan prezidenti bütün bu məsələləri gözardına alaraq, çox uzaqgörən siyasət yürütdü. Belə ki, COVAX-la müqavilədən başqa, qardaş Türkiyənin vasitəçiliyi ilə Çinin Sinovac şirkəti ilə müqavilə bağladıq və Çindən 4 milyon dozada COVID vaksininin Azərbaycana gətirilməsini təmin edə bildik. Beləliklə Azərbaycan Cənubi Qafqazda ilk vaksinasiyaya başlayan və ən uğurlu peyvəndləmə aparan ölkədir. Artıq yarım milyondan çox insan peyvənd olunub".
Musa Quliyev qeyd edib ki, Azərbaycan Rusiya və digər dövlətlərlə də vaksin barədə danışıqlar aparılır: "Düşünürəm ki, vaksin təminatımızı həyata keçirəcəyik. Bu tarixdir və belə ədalətsiz, etibarsız münasibət təkcə Azərbaycana qarşı münasibət deyil, həm də dünyanın bir çox müsəlman ölkələrinə qarşı belə ikili standartları görürük. 21-ci əsrdə belə ayrı-seçkiliyin ortaya qoyulması hər hansı milli dəyərlərə görə, koronavirus kimi bütün dünyanı cənginə alan mübarizədə belə alçaq münasibətin göstərilməsi o şirkətlərə, təşəbbüsə də üzqaralığından başqa bir şey deyil. Amma onlar bizə vaksin verməsələr də Azərbaycan demək olar ki, vaksin problemini həll edib. Vaksinasiya Operativ Qərargahın hazırladığı strategiya üzrə uğurla başa çatacaq. Amma COVAX təşəbbüsünü irəli sürən şirkətlər Azərbaycana nə cavab verəcəklər, bunlar gələcəyin məsələləridir. Hesab edirəm ki, ümumiyyətlə şirkət, dövlət oldu, müqavilə şərtlərinə əməl etmək lazımdır. Müqaviləyə əməl etmirsənsə, bu, etibarsızlıqdır".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər