Naxçıvan Müəllimlər İnstitutunda üzərində İkinci Qarabağ müharibəsinin qələbə simvolu olan “Xarı bülbül” təsvirli xalçanın təqdimatı olub.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, institutun rektoru Azad Novruzov tədbirdə çıxış edərək Azərbaycanda xalçaçılıq sənətinin qədim köklərə malik olduğunu vurğulayıb. Bildirib ki, dünya mədəniyyəti içərisində xüsusi yeri olan Azərbaycan xalçası özünəməxsus ornamentləri ilə fərqlənən sənət nümunəsidir.
Qeyd olunub ki, muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi məqsədilə bir sıra ciddi addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Həmin proqramın icrası istiqamətində Azərbaycan xalçalarının təbliği, təşviqi, tədqiqi istiqamətində ali təhsil müəssisələrinin də üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin Naxçıvan Müəllimlər İnstitutunda yerinə yetirilməsi istiqamətində Təsviri incəsənət müəllimliyi ixtisasının tədris planına uyğun olaraq müvafiq fənlər tədris edilməkdədir. Tələbələri əllə xalça toxumaq sənətinin sirləri ilə tanış etmək və praktik dərslər keçmək məqsədilə emalatxana yaradılıb. Bunlarla yanaşı, institutda uyğun dərnək də fəaliyyət göstərməkdədir.
Sonra institutun İncəsənət kafedrasının nəzdində fəaliyyət göstərən xalça dərnəyi üzvlərinin əl işinə – “Xarı bülbül” xalçasına baxış olub. Qeyd edək ki, bu əl işi xalqımızın II Qarabağ müharibəsində qazandığı Zəfərinə həsr olunub. 1400x2000 sıxlığında, 40x60 santimetr ölçüsündə toxunan xalça Qarabağ yelənlidir. Xalçanın kənarlarında kiçik ölçüdə buta naxışları, mərkəzində isə buta gülü, Azərbaycan bayrağı təsvir olunub. “Xarı bülbül” xalçası institutun xalçaçılıq kabinəsinə verilib.