13 Aprel 2021 20:14
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Bulvarda cənab Prezident Hərbi Qənimətlər Parkının açılışını etdi. Bu hadisənin çox böyük siyasi bir əhəmiyyəti var. Hərbi Qənimətlər Parkının açılışı bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz haqq işində qalib gəlib.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər qazanıb: “Azərbaycan bu müharibənin gedişatında düşmənə çox böyük zərbə endirib. Burada söhbət 5 milyard dollarlıq silah-sursat, hərbi texnikadan gedir. Bu, həm də Azərbaycan Ordusunun gücünü göstərdi. Azərbaycan Ordusunun hansı potensiala, qüdrətə malik olduğu nümayiş olundu”.

Deputat xatırladıb ki, bu gün Ermənistanda revanşistlər, onların önündə gedən Robert Köçəryan və yaxın silahdaşı Serj Sərkisyan yenidən hakimiyyətə gəlmək iddiasına düşüblər: “Bakıda Hərbi Qənimətlər Parkının açılışı onların bu istəyinə də böyük bir zərbədir. Çünki Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında əslində Köçəryan-Sərkisyan ordusunu məhv edib. 20 il ərzində onların xunta rejimi formalaşmışdı. Onlar erməni ordusunu bu günə qoymuşdular. Öz ordularını dırnaqarası yenilməz bir vəziyyətə gətirib çıxarmışdılar”.

Elman Nəsirova görə, Paşinyan iki ildən artıqdır ki, hakimiyyətdədir və onun ordu yaratmaq imkanları da yox idi: “Əslində bu gün Hərbi Qənimətlər Parkında erməni hərbi texnikalarının nümayiş olunması Ermənistanda hakimiyyətə gəlmək istəyən "Qarabağ klanı"na növbəti zərbədir. Bu Parka azərbaycanlılarla yanaşı xaricdən də qonaqlar gəlib baxacaqlar. Bütün dünya erməni vandallığını öz gözləri ilə görmüş olacaq. Çünki Parkda bu vəhşiliyi əks etdirən guşələr də yaradılıb. Əslində Hərbi Qənimətlər Parkının salınması Azərbaycanın qalib olduğunu, onun haqq işini və torpaqlar üzərində suveren hüquqlarını bərpa etdiyini açıq göstərir”.

Millət vəkili söyləyib ki, bütün bu reallıqlar fonunda Azərbaycan əməkdaşlığa bir daha hazır olduğunu bəyan edir: “Bundan sonra qarşı tərəfin davranışlarından asılı olaraq münasibətləri inkişaf etdirmək mümkün ola bilər. Azərbaycan 6 tərəfli əməkdaşlıq platforması irəli sürüb. Bundan sonrakı münasibətlər isə Ermənistanın davranışlarından asılıdır. Əks halda isə "Dəmir Yumruq" öz yerindədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər