Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi üçün yeni inşa edilmiş binanın açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, incəsənət xadimləri, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediriblər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli sənətkarın adının əbədiləşdirildiyi musiqi məktəbinin yeni binasının istifadəyə verilməsini Lökbatan qəsəbəsinin sakinləri üçün əlamətdar hadisə olduğunu qeyd edib.
S.Məmmədova bildirib ki, yeni bina "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına uyğun olaraq tikilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən inşa edildiyini diqqətə çatdıran Sevda xanım bu sahəyə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov yeni məktəbin istifadəyə verilməsini rayon ictimaiyyəti üçün önəmli hadisə kimi qiymətləndirərək, bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu bildirdi.
Qeyd olundu ki, 1959-cu ildən fəaliyyət göstərən musiqi məktəbinə 1989-cu ildə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun adı verilib.
Sonra tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. Bina 3 mərtəbədən ibarətətdir. Burada 23 fərdi məşğələ otağı, 5 qrup, 2 zərb alətləri otağı, 7 inzibati otaq, 2 qrim otağı, oxu zalı, məşğələ otaqları, yeməkxana və 86 yerlik akt zalı məktəb kollektivinin ixtiyarına verilib.
Bildirildi ki, təhsil ocağı yanğın siqnalizasiya sistemi, video müşahidə və başqa texnoloji avadanlıqlarla təchiz edilib, otaqlarda səsucaldan sistemlər quraşdırılıb.
Musiqi məktəbində hazırda fortepiano, klarnet, tar, kamança, saz, xanəndə, vokal və digər ixtisaslar üzrə 400 şagird təhsil alır, 75 müəllim çalışır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir.
Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olundu.