Azərbaycanlı “qanuni oğru” “Alik Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs Moskvada tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Moskva Baş İstintaq İdarəsi rəisinin köməkçisi Yuliya İvanova məlumat verib.
Məlumata görə, şübhəli 1984-cü il təvəllüdlüdür. Axtarış zamanı şəxsi əşyaları arasında saxta pasport tapılıb. O, yaşadığı mənzildə saxlanılıb və istintaq bölməsinə aparılıb. Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib.
Bundan əvvəl “Ren” TV şübhəlinin qaçması ilə bağlı görüntü yaymışdı. Lakin bir müddət sonra aparılan axtarışlar nəticəsində tapılıb.
Alik Rıjiy 2016-cı ildə 7 il həbs cəzasına məhkum edilib. Keçən ilin iyun ayında həbsdən şərti olaraq azad olunub. Bundan əvvəl üç sui-qəsd cəhdindən xilas ola bilib. Heydərov “gənc varis”in tacqoyma mərasimini şəxsən təsdiqlədiyi iddia edilən mərhum “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) klanına mənsub idi.
Alik Rıjiy aprelin 12-də yaşayış kompleksinin fitness mərkəzində qətlə yetirilib.