Türkiyənin “Sabah” qəzetinin fotomüxbiri Uğur İldırım ilin "Media fotoqrafı" adına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, məşhur fotoqraf Azərbaycanın Vətən müharibəsi görüntülərini tarixə həkk edənlərdən biridir.
Uğur İldırım mükafatla bağlı təəssüratlarını bölüşüb: “Türkiyə Fotomüxbirlər Dərnəyi 36 ildir prestijli mükafatlar verir. Seçilən münsif heyətindən bu mükafatı almaq hər bir fotomüxbirin arzusudur. 2020-ci il hər birimiz üçün ağır keçdi. Bu mükafatı Qarabağda çəkdiyim kadr sayəsində qazanmağım isə mənim üçün tamamilə başqa sevinc hissidir.
Mən və həmkarlarım, Azərbaycanda – Qarabağda baş verən hadisələri dünyaya çatdırmaq üçün əlimizdən gələni etdik. Bu səsin çatdırılmasında pay sahibi olmaq çox qürurvericidir”.