“Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində “New Media Hub” platformasını yaradır.
Bu barədə Teleqraf.com-a “Davam” Gənclər Hərəkatından məlumat verilib.
Qeyd olunur ki, “New Media Hub” platforması “Trend” informasiya agentliyi, “Yeni Müsavat” və “Teleqraf” media qrupları ilə birgə əməkdaşlıq nəticəsində təsis edilir.
“Davam” bildirir ki, bu platformanın yaradılması gənc jurnalistlərin, blogerlərin yetişdirilməsi, onların təcrübə qazanması və bu təcrübədən istifadə edərək davamçı jurnalist kimi fəaliyyət göstərməsi məqsədilə atılan mühüm addımlardan biridir.
Platforma daxilində gənc jurnalist və blogerlərin layihəyə cəlb edilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcək.
“New Media Hub” platformasının yaradılması ilə gənc jurnalistlərin tez-tez üzləşdiyi praktiki bacarıqların əldə edilməsi zamanı ortaya çıxan problemləri aradan qaldıraraq davamçı jurnalistlər şəbəkəsinin formalaşdırılması hədəflənir.
Gənclərin müxtəlif istiqamətlərdə inkişafı üçün daim yeni və uğurlu addımlar atan “Davam” növbəti addımın gənc jurnalistlərin, blogerlərin marağına səbəb olacağına ümid edir.