“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları təbii qazdan qanunsuz istifadə, qaz xətlərinə özbaşına müdaxilə ilə bağlı daha bir faktı aşkar ediblər.
Teleqraf.com xəbər verir ki, paytaxtın Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında Ehtiram Əliyevə məxsus “Boru Keçidi 5” çörəkbişirmə müəssisəsinə 41 900 manat debütor borcun ödənilməsi üçün dəfələrlə müraciət olunub. Heç bir ödəniş olunmadığına görə Birliyin əməkdaşları müəssisənin qaz təchizatını dayandırıblar.
Bundan sonra çörəkbişirmə müəssisəsinin işçiləri rezin boru vasitəsi ilə qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə ediblər. Birliyin əməkdaşları qanunsuz qoşulmadan əlavə, qaz sayğacına müdaxilə halını da aşkarlayıb. Qanunsuz birləşmənin bir neçə dəfə ləğv olunmasına baxmayaraq müəssisənin əməkdaşları yenidən özbaşına şəkildə eyni əməli təkrar ediblər.
Debütor borcu ödəmək əvəzinə “Azəriqaz” İB-nin əməkdaşlarını hədələyərək onlara xəsarət yetirməyə çalışıblar. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sözü gedən ünvana yenidən baxış keçiriblər. Qanunsuz qoşulma halı təkrar olaraq aşkar edilib. Bu dəfə qaynaq vasitəsi ilə həmin qoşma ləğv edilib və müəssisəyə son dəfə xəbərdarlıq olunub. Bu barədə sosial şəbəkə ünvanımızdan video materialı izləyə bilərsiz: