Bu il “Xalçaçı günü” Horadiz emalatxanasında xalçaçılarla birlikdə qeyd edilib. Ümumilikdə “Azərxalça”nın 21 filialında bitmiş yeni 149 xalça kəsilib.
Bu barədə Teleqraf.com-a “Azərxalça” ASC-dən məlumat verilib.
Bu il “Xalçaçı günü”ndə “Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını xüsusi təşəkkürnamələrlə təbrik edib. Hər bir emalatxanada il ərzindəki xüsusi fəaliyyətinə görə fərqlənən dəyərli toxucular isə “Bazarstore” mağazalar şəbəkəsinin də dəstəyi ilə xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Bundan əlavə, bu əlamətdar gündə “Azərxalça”nın 21 filialında ümumilikdə bitmiş yeni 149 xalça kəsilib, əməkdaşlar əlamətdar hadisə münasibəti ilə “Xalçamız mübarək!” – təbrik olunub.
Bu il “Xalçaçı günü”ndə gənclər də xalçaçıları diqqətdən kənar qoymayıblar. “Regional İnkişaf” İctimai Birliyi və “Azərxalça” ASC birlikdə milli-mədəni irsimizə hörmətlə gənclərin xalçaçılıq sənətinə olan diqqət və marağını nəzərə alaraq, “Azərxalçaya səyahət” adlı birgə layihə həyata keçiriblər. 5 may tarixində İctimai Birlik könüllülərinin köməyi və təşkilatçılığı ilə 21 emalatxanaya müxtəlif saatlarda və qruplar şəklində 30 gəncin səyahəti təşkil olunub.
Məlumat üçün bildirək ki, Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb.
Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. Bu səbəbdən “Azərxalça” sədri Emin Məmmədov “Xalçaçı günü”nü Horadiz emalatxanasında xalçaçılarla birlikdə qeyd edib.